Tarixçi-alim: Azərbaycan Albaniyasının formalaşmasında qədim türk boylarının mühüm rolu olub
Qarabağın müxtəlif ərazilərində qədim türk boylarına aid çoxsaylı qayaüstü yazı nümunələri, damğalar, yaşayış məskənləri və kurqanlar aşkar edilib. Alban və Kuman (Qıpçaq) boylarının adına ilk dəfə e.ə. VIII əsrin ortalarına aid Urartu mixi yazılı mənbələrində rast gəlinir. Erkən orta əsrlərdə Albaniyanın Böyük Koğman vilayətinin adının da Kuman etnonimi ilə bağlı olduğu bildirilir. Qarabağın dağlıq hissəsinin Ərsak adlandırılması isə erkən orta əsrlərdə Alban dövlətində Ərsak türk sülaləsinin hakimiyyəti dövrünə təsadüf edir. Sülalənin banisi I Arsaka aid gümüş sikkələrin üzərində onun “kağanınız Ərsak” adı ilə təqdim olunması toponimin türkmənşəli olması ilə əlaqələndirilir.
Oxuməni.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev bildirib. Onun sözlərinə görə, Qarabağ ərazisindəki xristian məbədlərində rast gəlinən xaç relyefləri və digər təsvirlər, o cümlədən Kuman-Qıpçaq xaç daşları bir çox hallarda atlı döyüşçüləri və elat geyimlərini əks etdirir. Kəlbəcər rayonundakı Gəncəsər monastırında, Murovdağın ətəyində yerləşən Müqəddəs Yelisey məbədində, eləcə də Xocavənd rayonunun Qaranlıq kəndindəki Müqəddəs Georgi kilsəsinin qəbiristanlığında məzar daşları üzərindəki atlı təsvirləri buna nümunədir.
E.Nəciyev bildirib ki, Ağdam rayonu ərazisində, Beşikdağın zirvəsində yerləşən IV–VII əsrlərə aid xristian məbədində 35 yazı işarəsi və damğadan ibarət epiqrafik mətn aşkar edilib. Bu mətn Alban yazısının inkişafının erkən mərhələsinə aid edilir və albanların əlifbanın formalaşmasından əvvəl türk damğalarından və yazı sistemindən istifadə etdiyini göstərən nümunə kimi qiymətləndirilir.
O qeyd edib ki, son illərdə alban palimpsestlərində türkizmlərin aşkar olunması yerli türk boylarının Azərbaycan Albaniyasının tarixində mühüm rol oynadığını göstərir. Bu mətnlərdə rast gəlinən və türkcə qarşılıqları olduğu bildirilən sözlər arasında “aba” (baba, ata), “ayz” (yazı, açıq yer), “çiçik” (çiçək), “en’i” (yeni), “kol” (qol), “dapangi” (tapınaq, məbəd), “dalavar/talavar” (çadır) kimi nümunələr var.
Oxuməni.az



















































.jpg)














.jpg)





























