Tarixçilərin araşdırmaları nəticəsində BDU-nun tarixinə işıq salan yeni sənəd əldə edilib

Tarixçilərin araşdırmaları nəticəsində BDU-nun tarixinə işıq salan yeni sənəd əldə edilib

12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev Bakı Dövlət Universitetinin (BDU) tarixinə işıq salan yeni sənəd əldə ediblər. Sənədə əsasən məlum olub ki, BDU-nun tarixi adı ilk dəfə sovet işğalının davam etdiyi 1990-cı ildə bərpa olunub.

Bu barədə Oxuməni.az-a açıqlama verən tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər ki, BDU-nun tarixi adının bərpa edilməsində görkəmli tarixçi alim Yaqub Mahmudovun mühüm xidmətləri var.

“1989‐cu ildə görkəmli tarixçi alim Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin Elmi Şurası onun sədrliyi ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul etdi və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırıldı. Elə həmin dövrdə tələbələr BDU-nun girişindəki “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti” adlı lövhəni öz əlləri ilə söküb atdılar", - deyə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev bildiriblər.

Tarixçilərin sözlərinə görə, BDU-nun Tarix fakültəsinin Elmi Şurasının qəbul etdiyi bu qərar özünün müsbət nəticəsini verdi. Məhz bu qərardan sonra hərəkətə keçən Azərbaycan SSR Xalq Təhsili Nazirliyi universitetin tarixi adını bərpa etdi.

Nazim Xəlilov və Elnur Nəciyev xatırladıblar ki, Nazirliyin 1990-cı il 1 mart tarixli əmrində deyilirdi: “S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın”.

"Bu əmr BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 7 mart tarixli “R-15” saylı əmri ilə elan edildi. BDU-nun tarixi ilə bağlı bu mühüm sənəd tarixçi alimlər Ziyad Əmrahov və Samir İsmayılovun “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabında (Bakı, 2019) verilib (səh. 294)", - deyə tarixçilər bildiirblər.

Əziz MUSTAFA, Azərbaycan Jurnalistlər Birliyinin üzvü