Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı

Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı

10 Dekabr 2025 12:34
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanın və Türk dünyası tarixinin görkəmli alimi, AMEA-nın həqiqi üzvü, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudovun tariximizin yad nəfəslərdən qorunması sahəsinə verdiyi əvəzsiz töhfələr davam edir. Bunu görkəmli tarixçi alimimizin adı çəkilən sahədə elmi tədqiqatlar aparan kadrlarımıza elmi rəhbərlik etməsi və onlara verdiyi dəyərli elmi məsləhətlər də bir daha təsdiq edir.

Belə ki, bu günlərdə tarixçi alim Allahverdi Əlimirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci il 31 oktyabr tarixli qərarı ilə “E.ə. V-II minilliklərdə Azərbaycan ərazisində etnosiyasi proseslər (Urmiya hövzəsi materialları əsasında)” mövzusunda tədqiqatına görə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Oxuməni.az xəbər verir ki, tarixçi alimin elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudovdur.

Yeri gəlmişkən onu da fəxr və qürurla bildirək ki, Yaqub Mahmudov həqiqi tariximizin yazılması sahəsində istedadlı kadrların yetişdirilməsinə verdiyi şərəflı əməyini davam etdirməkdədir. Bu günə kimi onun elmi rəhbərliyi altında 64 nəfər fəlsəfə doktoru və 16 nəfər elmlər doktoru yetişib.

Yaqub Mahmudovun tarix elmimizə verdiyi əvəzsiz töhfələr ölkə rəhbərliyi səviyyəsində dəfələrlə yüksək səviyyədə qiymətləndirilib.

Əziz MUSTAFA