700 bal yığanların sayı qəsdən azaldılır – Professordan  Məleykə Abbaszadəyə ŞOK  İTTİHAM

700 bal yığanların sayı qəsdən azaldılır – Professordan Məleykə Abbaszadəyə ŞOK İTTİHAM

13 İyun 15:43
335
Bəyəndim (0) Bəyənmədim (0)

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində heç bir abituriyentin 700 bal toplaya bilməməsi müzakirələrə səbəb olub.

Oxuməni.az xəbər verir ki. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil ictimaiyyətini maraqlandıran mövzuya aydınlıq gətirərək, abituriyentlərin yüksək nəticə əldə etməməsini imtahan sualları ilə əlaqələndirib. DİM rəhbəri bildirib ki, qəbul imtahanlarının sualları hamının cavab verə bilməsi üçün nəzərdə tutulmayıb.

"699 bal toplayanla 700 bal toplayan eyni səviyyədə olan uşaqlardır. Ümumiyyətlə, 600, 650 baldan yuxarı nəticə göstərən uşaqlar arasında pedoqoji cəhətdən heç bir fərq yoxdur. Ola bilər ki, hansısa bir materialla əlaqədar nəyisə bilməyib və ya səhv buraxıblar. Buna görə maksimum nəticə olmayıb. Biz burada heç bir problem görmürük. Problem orta statistik abituriyentin nəticəsinin aşağı olmasıdır. Çətin suallara 25-30 faiz kontingent cavab verirsə, deməli suallar işləyir. Onsuz da bu suallar hər kəsin cavab verə bilməsi üçün nəzərdə tutulmayıb", - Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimində deyib.

DİM rəhbərinin açıqlaması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Sualların qəsdən hamının cavab verə bilməməsi üçün tərtib edilməsinin düzgün yanaşma olmadığı bildirilib.


Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov qeyd edib ki, qiymətləndirmə təhsilin inkişafına mane olmamalıdır. Bu baxımdan ekspert sualların çətin salınmasının yanlış seçim olduğunu düşünür:

"Buna görə də, "mən sualı çətin qoyuram" fikri şəxsi, subyektiv yanaşmadır. Qiymətləndirmə elə olmalıdır ki, yerdə qalan abituriyentlər daha çox oxusun, daha yüksək qiymət almağa cəhd etsinlər. Məsələn, alman professor Anderas Şxeyler bildirirdi ki, qiymətlər təhsili stimullaşdırmalıdır. Uşağa qılınc uzada bilərsən, ya da bir dəstə çiçək verə bilərsən. Qiymətləndirmə qılınc olmalı deyil, bir dəstə gül olmalıdır".

Ş. Əsgərov hesab edirki, 700 bal toplayan abituriyentlərin sayının çox olması təhsilin inkişafı üçün önəmli məsələdir:

"Bu, bizim xeyrimizədir. Bəs kimin üçün ziyanlıdır? Əlbəttə ki, düşmənlərimizə. Niyə 700 bal yığanların sayını qəsdən azaltmalıyıq? 2001-ci ildə ulu öndər Heydər Əliyev yüksək bal toplayan uşaqlarla görüşdü. Orada yüksək bal toplamış Rüfət Qaralov adlı bir gənc var idi. Heydər Əliyev onun əlini sıxıb təbrik etdi. Sual olunur, Rüfət Qaralov haradadır. Azəbaycandadır, yoxsa xaricdə? 700 bal yığmış şəxsləri ölkədən qovmalı deyilik. Çalışmalıyıq ki, onlar başqa ölkələrin vətəndaşları olmasınlar, öz ölkəmizdə qalıb, burada çalışsınlar".

Professorun fikrincə, 2000-ci ildən bu günə kimi 700 bal toplayan gənclərin ölkədə olub-olmaması araşdırılmalıdır:

"Əgər Azərbaycanda deyillərsə, bunun xəcalətini çəkməliyik. Niyə talantlı gəncliyimiz öz ölkəmizdə fəaliyyət göstərmir. Bəzən deyirlər ki, onlar xaricdə qalıb, bizim üçün çalışırlar. Amma yalandır, mifdir. Ən qüdrətli azərbaycanlı elm adamı Lütfi Zadə idi. Onun Norman Zadə adlı oğlu var. O, "sən azərbaycanlısanmı" sualına cavabında bildirib ki, "xeyr, mən azərbaycanlı deyiləm". Digər sual verilib ki, bəs səni Azərbaycana bağlayan nəsə varmı? Atasının azərbaycanlı olduğunu söyləyib. Göründüyü kimi, xaricdə qalan uşaqlar yadlaşacaq".