Mehdiyevin  “Rus dili ” eyhamı və faktlar... - Rus sektorunda təhsil doğrudanmı daha keyfiyyətlidir?

Mehdiyevin “Rus dili ” eyhamı və faktlar... - Rus sektorunda təhsil doğrudanmı daha keyfiyyətlidir?

15 Fevral 09:45
624
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbul ballarının müqayisəsi rus bölməsində təhsil alanlarının savadının Azərbaycan bölməsində təhsil alanlardan xeyli aşağı olduğunu göstərir

“Ölkəmizdə rusdilli məktəblərin açılmasının tarixi Çar Rusiyası ilə bağlıdır. Bu məktəblərin mövcudluğu və populyarlığı faktdır. Bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən, Azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?”

Bunu Ramiz Mehdiyev AMEA-nın adından yayımlanan yazısında deyib.

Maraqlıdır ki, hal-hazırda rus dilində təhsil məsələsinin ölkə gündəmində heç bir aktuallığı olmadığı halda, Mehdiyev bu məsələni süni şəkildə gündəmə gətirir və sanki bununla kimlərəsə mesajlar verməyə çalışılır...

Hər halda şübhə yoxdur ki, rus dili məsələsini gündəmə gətirməkdə əsas niyyətlərdən biri də toplumda ayrıseçkilik salmaq, eyni zamanda, Azərbaycan dilini aşağılamaq cəhdləridir. Bu isə birbaşa Azərbaycanın təhlükəsizlik strategiyasını, cəmiyyətin bütövlüyü kimi həyati önəm daşıyan sütunları hədəfə almaq niyyətindən xəbər verir.

AMEA-nın açıqlamasında qeyd olunub ki, rusdilli məktəblər Azərbaycanda olduqca populyardırlar və bu təhsilə təlabət böyükdür. Amma statistikaya nəzər saldıqda aydın olur ki, əslində AMEA Prezidentinin şişirtdiyi, bəh-bəhlə təqdim etdiyi rus dilində təhsilə maraq və təlabat o qədər də böyük deyil.

Hazırda Azərbaycanda ümumilikdə 4472 orta məktəb var ki, onlardın 340-da təhsil rus dilində aparılır və bu məktəblərdə 90 mindən az şagird təhsil alır. Bu isə ölkədə ümumi təhsil alan uşaqların təxminən 6 %-i deməkdir.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2021-2022-ci tədris ilində rus dilində təhsil üçün 1-ci sinfə qəbula 17 min müraciət olub və onların 15 mini müsbət qiymətləndirilib. Bundan əlavə, bəzi məktəblərdə seçim əsasında ikinci dil kimi rus dilində təhsil verilir.

Məlum məsələdir ki, hər bir ölkənin siyasi, strateji, sosial dayanıqlığı onun təhsil sisteminin səviyyəsi ilə ölçülür. Təhsil elə bir sahədir ki, birmənalı olaraq dövlətin maraqlarına və təhlükəsizliyinə xidmət etməlidir.

Azərbaycan qədim sivilizasiyanın mərkəzində yerləşdiyindən tarixin müxtəlif dövrlərində başqa xalqların mədəniyyəti, adət-ənənəsi, elmi ilə daim rəqabət içərisində olub. Eynilə də Rus və Azərbaycan dilləri təxminən 200 ilə yaxındır ki, rəqabət içərisindədir. Əslində, bunun özü də müəyyən mənada ölkə təhsilinin inkşafına səbəb olan bir amildir. Amma bir şərtlə ki, bu rəqabət dövlətin maraqlarına ximət etsin və təhlükəsizliyinə xələl gətirməsin...

Hazırda cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, rus bölməsində təhsil alan şagirdlər daha savadlı, dünyagörüşlü və intellektual olurlar. Elə bu səbəbdən də bir çox valideynlər öz övladlarını rus məktəblərində təhsilə yönləndirir. Bəzən elə olur ki, evdə valideyn özü rus dilini bilmədiyi halda övladının rus dilində təhsil almasını istəyir.

Gerçəklik isə budur ki, rus dilində təhsil əslində AMEA-nın təriflədiyi təhsildən olduqca uzaqdır. Hətta əminliklə deyə bilərik ki, Azərbaycan dilində təhsili daha öndədir. Bunu görmək üçün Dövlət İmtahan Mərkəzinin 2020-2021-ci ilin qəbul göctəricilərini təhlil etmək kifayət edir.

DİM-nin rəsmi səhifəsindəki məlumatlara əsasən, həmin iIdə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq üçün ümumilikdə 67464 abituriyent müraciət edib ki, onlardan 61990-ı Azərbaycan bölməsinin, 5474-ü isə rus bölməsinin məzunlarıdır. Müraciət edənlərin ümumilikdə 36569-u ali məktəblərə qəbul şansı qazana bilib ki, onların da 33594-ü Azərbaycan bölməsində, cəmi 3000-i isə rus dilində təhsil alanlardır.

Qeyd edək ki, I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən 28243 nəfər abituriyentdən Azərbaycan bölməsi üzrə 10092(38.83%), rus bölməsi üzrə isə 913 (40.49%) nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin sayı 13024 nəfər olub. Bu qrupda Azərbaycan bölməsi üzrə 6749 (56.92%), rus bölməsi üzrə isə 617 (52.92%) nəfər tələbə adına layiq görülüb.

III ixtisas qrupu üzrə qəbul imtahanında 21410 abituriyent iştirak edib ki, Azərbaycan bölməsi üzrə 10886 (54.56%) , rus bölməsi üzrə isə 812 (55.65%) nəfər ali təhsil müəssisələrinə qəbul olub. IV ixtisas qrupu üzrə qəbul imtahanında 4787 nəfər abituriyent iştirak edib ki, onların Azərbaycan bölməsi üzrə 2816-sı (67.16%), rus bölməsi üzrə isə 241-i (40.57%) tələbə adına layiq görülüb.

Ümumilikdə götürdükdə, Azərbaycan bölməsində ali təhsil müəssisələrinə qəbul olanlar imtahanlarda iştirak edənlərin 44.95%-ni, müsabiqədə iştirak etmək hüququ qazananların isə 58.32%-ni təşkil edir. rus bölməsində bu göstəricilər, müvafiq olaraq, 47.10 və 57.13%-dir. Qeyd edək ki, 500 baldan yuxarı nəticə göstərənlər Azərbaycan bölməsində 9,86 faiz rus bölməsi üzrə isə 8,7 faiz təşkil eidb.

Statistikadan da aydın olur ki, rus dilində təhsil heç də deyildiyi səviyyədə deyil və hətta müxtəlif məqamlarda Azərbaycan məktəblərindən geri qalır. Əslində statistikadan əvvəl rus bölməsi üzrə məzun olan 15 min şagirdin 5474 nəfərinin qəbul imtahanında iştirak etdiyini, onların da cəmi 3 mininin (20%) ali məktəbə qəbul olunmasını qeyd etmək kifayət edərdi. Amma daha ətraflı və geniş müqayisə apardıq ki, oxucular hər iki təhsil arasındakı fərqi daha aydın görə bilsinlər.

Ali məktəblərə qəbul ola bilməyən 12 minə yaxın rusdilli şagirdə gəlincə, onlar ən yaxşı halda 11 il ərzində rus dilini öyrənə biliblər. Amma bunun qarşılığında həmin şagirdlər Azərbaycan tarixindən, ədəbiyyatından, mədəniyyətindən və dilindən uzaq düşüblər.

Eyni zamanda qeyd etmək lazımdır ki, rus bölməsində təhsil alıb ali məktəblərə qəbul olunanların savadı Azərbaycan bölməsində təhsil alanlarla müqayisədə xeyli aşağıdır. Bunu rus bölməsində qəbul balları xeyli aşağı olması da təsdiqləyir.

Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin rus bölməsində təhsil alan savadsız şagirdləri ali məktəblərə doldurması, onların aşağı balla universitetlərə daxil olmasına şərait yaratması isə başadüşülən deyil...

Nəzərə almaq lazımdır ki, müstəqil dövlətlərin təhsil dili etnosun milli tərkibi əsasında müəyyənləşdirilir. Eyni zamanda ölkədə yaşayan digər milli azlıqlara da öz dillərində təhsil almaları üçün müəyyən şərait yaradılır. Azərbaycan dövləti də ölkədə yaşayan milli azlıqları nəzərə alaraq, multikultural bir cəmiyyətin formalaşması üçün onlara bu imkanları yaratmağa çalışır. Ona görə də, hazırda ölkədə müəyyən sayda rus mənşəli vətəndaşın yaşadığını nəzərə alsaq, birdən-birə rus dilində təhsildən imtina etmək hər halda düzgün yanaşma olmazdı. Amma eyni zamanda da imkan vermək olmaz ki, rus dilində təhsil alanlar, həmin ölkənin xüsusi xidmət orqanlarının köləsinə çevrilən insanların təsiri altına düşərək, öz milli mənsubiyyətlərini, kimliklərini və tarixlərini unutsunlar.

Sonda isə dahi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini, onun mahiyyətini xatırlatmaq istərdik. Bu pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərin əsas surətləri bir atanın və ananın övladları olan üç qardaşın fərqli dillərdə təhsil aladıqları üçün bir-birilərilə yola gedə bilməməliridir. Qardaşlardan Rüstəm bəy təhsilini rus dilində, Mirzə Məmmədəli fars dilində, Səməd Vahid isə türk dilində alıb. Onlar təhsil aldıqları dillərə meyl göstərdiklərindən bir otaqda belə yaşaya bilmirlər, sözləri həmişə çəp gəlir.

Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən ananın, yəni Zəhrabəyim surətinin üzərində cəmləşir. Oğullarının bir-birilə dil tapa bilməmələri ananı dərdə salır. Anasının sözlərinin təsirsiz qaldığını görən qızı Gülbahar qardaşlarının bir-birinə qarşı yadlaşmasında onların kitablarını günahkar bilir. Ona görə də onların kitablarını yandıraraq buna son qoymağa çalışır.

Müəllifin “Anamın kitabı” rəmzi adını verdiyi kitab isə əslində, vətənin kitabıdır. Kitabda ata öz övladlarını ananın ətrafında birləşməyi vəsiyyət edir. Müəllifə görə, xalqın nicat yolu hansısa yad dildə təhsil alıb, başqa dövlətin təsirinə düşməkdə yox, Vətən ideyası ətrafında birləşməkdir. “AzPolitika.info”