"Mançester Yunayted" komandasının oyunçusu məhkəmədə uduzdu

"Mançester Yunayted" komandasının oyunçusu məhkəmədə uduzdu

3 Mart 2012 16:21
Bəyəndim (0) Bəyənmədim (0)
Kimsə onu Twitter sosial şəbəkəsində rüsvay edib

İngiltərə məhkəməsi "Mançester Yunayted" komandasının 38 yaşlı oyunçusu Rayan Qiqqzın "The Sun" jurnalına qarşı iddiasını rədd edib. Belə ki, jurnal ötən ilin aprel ayında konkret ad çəkmədən belə bir məlumat yayıb ki, "Mançester Yunayted" komandasının oyunçularından biri altı ay ərzində uelsli model İmoqen Tomasla qeyri-nikahı əlaqədə olub.

Futbolçu məhkəmə vasitəsilə mətbuatda adının açıqlanmamağına nail olsa da, 08 may günü Twitter istifadəçilərindən biri məqalədəki "qəhrəman"ın məhz Rayan Qiqqz olduğunu yazıb.

Mayın sonlarında "The Sun" jurnalının "Sunday Herald" əlavəsi futbolçunun şəklini birinci səhifəyə verərək məlumatı yenidən işıqlandırıb. Bu zaman məqalədə belə bir fikir yerləşdirilib ki, sosial şəbəkələrdə yayılmış bir xəbəri gizlətməyin mənası yoxdur.

Bu ilin fevral ayının 21-də Rayan Qiqqz ona dəyən mənəvi ziyanın ödənilməsi tələbi ilə

məhkəməyə iddia ərizəsi ilə müraciət edib. İddiaçının tələbinə görə, jurnal Avropa insan haqlarının qorunması haqda Konvensiyasının şəxsi həyata hörmət müddəasını pozub. Qarşı tərəf isə Twitter sosial şəbəkəsində yer alan məlumata istinad edərək məsuliyyət daşımadığını bildirib. Nəticədə, məhkəmə futbolçunun iddiasını təmin etməyib.

Xatırladaq ki, 38 yaşlı Rayan Qiqqz artıq 22-ci sezondur "Mançester Yunayted" komandasının tərkibində meydana çıxır. Ötən çempionatda yarımmüdafiəçi 18 oyunda 2 qol vurub.

Bu dəfə futbolçunun məhkəmə çəkişməsi avtoqol effekti verdi...

Aqil Hüseynov

O.M.