FİFA rəhbərliyində rüşvət qalmaqalı yaşandı

FİFA rəhbərliyində rüşvət qalmaqalı yaşandı

6 Dekabr 2011 21:33
Bəyəndim (0) Bəyənmədim (0)
FİFA-nın sabiq prezidenti Joao Avelanj və onun kürəkəni olan Braziliya futbol konfederasiyasının rəhbəri cinayət məsuliyyətinə cəlb oluna bilərlər

FİFA 10 il əvvəl baş vermiş maliyyə fırıldağının və korrupsiya hallarının üstünü açmaq əzmindədir. Hal-hazırda idman aləmində rəhbər vəzifələrdə çalışan tanınmış simaların etirazlarına baxmayaraq, FİFA qətiyyətini gizlətmir. "Biz son həftələr ərzində vəkillərimiz və hüquqi komandamızın köməyi ilə İSL sənədlərini araşdırmışıq və bu barədə FİFA İcraiyyə Komitəsinin 17 dekabr Yaponiya görüşündə məruzə edəcəyik", - deyə FİFA prezidenti Yozef Blatter bildirib. O əlavə edib ki, məxfi sənədlərin nəşr olunmasına fəal şəkildə çalışacaq. Bunu FİFA-da aparılacaq islahatlar üçün edəcək.

Söhbət 2001-ci ildə FİFA-nın rəsmi tərəfdaşı olan İSL şirkətinin müflis olmasından gedir. Bu şirkət dünya çempionatı oyunlarının marketinqi və televiziya yayımı ilə məşğul olurdu. Müflis olma ərəfəsində mətbuata belə bir xəbər yayıldı ki, FİFA rəhbərliyində çalışan bir neçə tanınmış sima İSL-dən külli miqdarda rüşvət alaraq bütün yayım və sponsor hüquqlarını ona verib. O zaman məsələyə İsveçrənin Tsuq şəhər məhkəməsi baxdı. FİFA rəhbərliyinin təzyiqi nəticəsində İsveçrənin İSL şirkəti barəsində yaranmış qalmaqal səngidi. Eyni zamanda məxfi sənədlər mətbuatdan da yığışdırıldı.

Britaniya mətbuatının məlumatına görə, qalmaqalda FİFA-nın sabiq prezidenti Joao Avelanjın adı hallanır. Qeyd edək ki, o, bu yazınlarda Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən də istefa verib. Səbəb kimi ona qarşı qaldırılmış korrupsiya iddiası göstərilir.

Qalmaqalda adı hallanan digər şəxs isə FİFA-nın İcraiyyə Komitəsinin hazırkı üzvü, Braziliya futbol konfederasiyasının rəhbəri Rikardu Teyşeyrudur. O, həm də Joao Avelanjın sabiq kürəkənidir.

Bu dəfə FİFA rəhbərliyi "paça arasından" qol vurdu...

Sərvər Aslanov

O.M.