
AFFA məşqçini, futbolçuları və komandaları cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Premyer Liqanın XII turunda baş verənləri müzakirə edən qurum müvafiq qərarlar çıxarıb.
"Rəvan"- "Simurq" matçının 56-cı dəqiqəsində meydandan
qovulan Ekrem Hodziç 1 oyunluq cəzalanıb. Oyunun 63-cü dəqiqəsində "Simurq"un
qırmızı vərəqə alan üzvü Vasili Yanatovskinin də cəzası eyni olub.
AZAL - "Qəbələ" matçının 34-cü dəqiqəsində meydan
sahiblərinin məşqçisi İlqar Hüseynov hakimləri təhqir etdiyi üçün 5 oyunluq
cəzalanıb, klubu isə 5000 manat cərimələnib.
AFFA "Neftçi"nin futbolçusu Rəşad Abdullayevi də ağır
cəzalandırıb. Yarımmüdafiəçi Premyer Liqamızın ötən turunda "Xəzər Lənkəran"la
matçın 8-ci dəqiqəsində rəqib futbolçu Şəhriyar Xəlilova qarşı aqressiv hərəkət
etmiş, ancaq oyunun Elnur Muradov başda olmaqla hakimlər briqadası bunu
qiymətləndirməmişdi. Oyunun videoyazısı izlədikdə Rəşadın rəqibə əllə zərbə
vurması aşkar edilib. İK-in üzvləri bunu nəzərə alaraq, Abdullayevi 4 oyunluq
cəzalandırıb, klubu 4000 manat cərimə edib. Qərarda həmçinin göstərilib ki,
AFFA-nın Hakimlər Komitəsi hakimlər briqadası haqda lazımı ölçü götürüb İK-ya
yazılı məlumat verməlidir. Bu isə Muradovun da cəzalanacağı deməkdir.
Qeyd edək ki, "Neftçi" Rəşadı klubun daxili intizam
məcəlləsini pozduğuna görə cəzalandırıb.
Bu gün qol vuran tərəf AFFA oldu...
Hafiz Əhmədov
O.M.