“İnter” klubu 21 min manat cərimələnib
AFFA-nın bu gün keçirilən İntizam Komitəsinin iclasında III tur çərçivəsində başa çatdırılmayan "İnter" - "Bakı" görüşü ilə bağlı sərt qərarlar çıxarılıb.
Matçın 90+1-ci dəqiqəsində "İnter" oyunu davam etdirməkdən boyun qaçırdığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb, üstəlik, 10 min manat cərimələnib. Həmin vaxt kobudluq etdiyi üçün qırmızı vərəqə alan "İnter"in kapitanı, gürcüstanlı qapıçı Georgi Lomaya 2 oyunluq cəzaya və 2000 manatlıq cəriməyə məruz qalıb.
Klubun prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olub, komandanı meydançadan çıxardaraq matçı izləyənlərə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanır, klub daha 5000 manat cərimələnib. Komanda növbəti 1000 manatlıq cəriməni baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında iştirak etmədiyinə görə alıb.
Daha 1000 manat cərimə "bankirlər"in 6 futbolçusunun sarı vərəqə almağı ilə bağlıdır. "İnter"in azarkeşlərinin meydana kənar əşyalar atmağı 2000 manatlıq cərimə bahasına başa gəlib. Cərimələri üst-üstə gəlsək, bu, 21 min məbləğ edir.
Qeyd edək ki, matçın sonlarında "İnter"in qapısına 11 metrlik cərimə zərbəsi təyin olunduqdan sonra Nikolov komandanı meydandan çıxmasını tələb etmişdi. Hakimlər 10 dəqiqə gözləsələr də, "İnter" meydançaya qayıtmamış və matç başa çatmamışdı.
Düz deyiblər "acıqla iş görən zərər çəkər".
Tofiq Əliyev
O.M.