Françesko Toldo: “ Azərbaycana təşəkkür edirəm ki, final mərhələsinə bu səviyyədə hazırlıq görür”
"Avropa çempionatının səviyyəsi çox yüksəlib. Bütün yığmalar həddindən artıq gücləniblər. Komandaların hamısı finala yüksəlmək üçün hazırlaşıblar". Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo deyib.
17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkatma mərasimində Toldo da iştirak edib. Püşkatmadan sonra jurnalistlərə açıqlama verən əfsanəvi qolkiper bunları deyib: "Bu, aşağı yaş qrupları arasında çempionatdı. Gənclər arasında çempionat olmasına baxmayaraq, burda iştirak edən futbolçular beynəlxalq səviyyədə tanınacaqlar. Bu çempionatlarda əsas məqsəd o olmalıdı ki, bütün komandalar birləşərək, yarışı yüksək səviyyədə başa çatdırsınlar".
Toldo Azərbaycanın təşkilatçılığı barədə də fikirlərini bildirib: "Azərbaycana təşəkkür edirəm ki, final mərhələsinə bu səviyyədə hazırlıq görür. Turnirin favoriti kimi Portuqaliya və Almaniyanı görürəm. Portuqaliya çox güclüdü, Almaniya da həmçinin. Lakin mən İtaliyaya olan ümidimi itirmirəm. İtaliya yığmasının güclü baş məşqçisi var. O nə etmək lazım olduğunu yaxşı bilir. İtaliya çox çətin qrupa düşüb. Amma İtaliya adını eşidəndə çoxlarında qorxu əmələ gəlir. Bura bizim ölkədən ən yaxşı futbolçular təşrif buyuracaq".
İtaliyalı sabiq çərçivə qoruyucusu Azərbaycanda futbolun inkişafda olduğunu əlavə edib: "Azərbaycan haqda onu bilirəm ki, bu ölkənin futbolu inkişaf etməkdədi. Çox heyf ki, Avropada Azərbaycan çempionatını göstərmirlər. Orda daha çox Bundesliqa və Primero göstərilir. Lakin biz görürük ki, Azərbaycan idmana çoxlu investisiya qoyur, xüsusən də futbola".
Mediainfo.az