
"Novruz"da anadan olan idmançılar
Martın 20 və 21-də Azərbaycanda, həmçinin bir neçə ölkədə Novruz bayramı qeyd olunur. Apasport.az saytının məlumatına görə, bayramı qeyd edən ölkələrdə həmin tarixdə dünyaya göz açanlara adətən Novruz adı qoyulur.
Futbol sahəsində də 20-21 martda anadan olan kifayət qədər tanınmış şəxs var. Belələrinə həm Azərbaycanda, həm də Novruz bayramının nə olduğunu bilməyən Avropa ölkələrində rast gəlmək mümkündür.
21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü, hazırda "Rəvan"ın formasını geyinən Novruz Məmmədov 1990-cı il martın 20-də doğulub. Adının Novruz qoyulması da məhz bayram günündə dünyaya gəlməsi ilə əlaqədardı.
Azərbaycan futbolunda daha iki şəxs var ki, onların da doğum tarixi martın 20-ə təsadüf edir. Maraqlıdı ki, aralarında daha biri hazırda "Rəvan"dadı. Söhbət komandanın baş məşqçisi Bəhmən Həsənovdan gedir. Futbolçusundan fərqli, 1961-ci ildə dünyaya göz açan məşqçiyə bayramla əlaqədar, Novruz adı qoyulmayıb.
Digər şəxs isə "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydadı. Novruz bayramından, çox güman ki, xəbərsiz olan "sambaçı" 2 gün sonra 27 yaşını tamamlayacaq.
Novruz bayramından xəbərsiz olan başqa ölkələrdə də martın 20-də anadan olan kifayət qədər tanınmış futbolçu var. "Atletiko"nun hücumçusu Fernando Torres (1984), "Qalatasaray"ın sabiq forvardı Jo (1987), Almaniya yığmasının keçmiş üzvü Karsten Ramelov (1974), "Mançester Yunayted"in müdafiəçisi Markos Roxo (1990), italiyalı futbolçu Mattia Destro (1991), həmçinin belçikalı Nikolas Lomberts (1985) də məhz bu tarixdə doğulublar.
Martın 21-də də kifayət qədər futbol adamı dünyaya göz açıb. Ölkəmizdə keçmiş futbolçu, hazırda "Kəpəz"də köməkçi-məşqçi funksiyasını yerinə yetirən Xaliq Mərdanovun doğum tarixi 21 martdı.
Maraqlıdı ki, martın 20-də dünyaya gələnlər arasında 2 təmsilçisi olan "Rəvan"ın 1 gün sonra üçün də nümayəndəsi var. Belə ki, paytaxt klubunun futbolçusu Əziz Hüseynov martın 21-də anadan olub.
Dünya futbolunda isə canlı əfsanə Ronaldinyo (1980), "Barselona"nın müdafiəçisi Xordi Alba (1989), "Atletiko"nun fransalı futbolçusu Antuan Qrizmann (1991), hollandiyalı məşqçi Ronald Kuman (1963), Almaniya yığmasının sabiq üzvü Lotar Matteus (1961), İran millisinin keçmiş hücumçusu Əli Daei (1969) və vaxtilə Azərbaycan çempionatında oynamış moldovalı Anatoli Doroşun (1983) anadan olduğu gün məhz 21 martdı.
Azərbaycan futbolunda daha bir şəxs var ki, bayram ərəfəsində dünyaya göz açdığına görə ona Novruz adı qoyulub. Söhbət 19 yaşadək futbolçulardan ibarət yığmamızda köməkçi-məşqçi olan Novruz Əzimovdan gedir. "Bakı"nın sabiq çalışdırıcısı martın 19-da anadan olub.
Mediainfo.az