Masallıda Ənənəvi Respublika turniri keçirilmişdir
MASALLI. Dekabrın 5-də və 6-da 2015-ci il tarixlərdə Masallı Taekvondo Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın əməkdar məşqçisi , SSRİ idman ustası mərhum Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-roma güləşi idman növü üzrə yeniyetmələr arasında ənənəvi Respublika turniri keçirilmişdir.
Qeyd edək ki, Ərkivanlı (indi Masallı rayonunda qəsəbədir) Yaqub oğlu Nadir 1935-ci il sentyabrın 23-də Lənkəran şəhərində dünyaya göz açıb. IX sinifdə oxuyarkən respublika çempionu olub. Bu titulu ömrünün sonuna qədər qoruya bildi.
1953-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olan N.Ağayev milli yığma tərkibində tələbələrin SSRİ birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. "Burevestnik" cəmiyyəti mərkəzi şurasının çempionatlarında altı dəfə dalbadal ali mükafata layiq görüldü.
Universitetin son kurs tələbəsi N.Ağayev 1958-ci ildə heç kimə məlum olmayan, bu gün məşhur Azıx mağarası kimi tanıdığımız qədim yaşayış məskənini tapıb aşkarlamışdır. Mağaranın dərinliklərindən tapdığı əşyayi-dəlillər əsasında diplom işi yazan 23 yaşlı geoloqun SSRİ-nin birinci, dünyanın üçüncü elmi tapıntısında əvəzsiz xidməti olmuşdur.
Lənkəran şəhər 2 nömrəli orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyətə başlasa da güləşdən ayrıla bilmədi. Ürəyi həyat eşqi ilə dolu olan bu gənci işıqlı gələcəyə doğru aparan cığır açıldıqca, keçmiş pəhləvanlar məktəbini əxz edə-edə Azərbaycan güləş meydanında cəsur bir igid peyda olurdu – Nadir Ağayev! Yalnız 60-cı illərin əvvəllərindən başlayaraq güləşçilər sərbəst və Yunan-Roma növləri üzrə ixtisaslaşmağa başladı. Artıq bu vaxtacan Nadir peşəkar güləşin bütün sirrinə bələd idi. Axı o, Azərbaycan güləş məktəbinin ustası Rza Baxşəliyevdən mükəmməl dərs almışdı.
1967-1968-ci illərdə Masallıda məşqçilik fəaliyyətinə başlayan N.Ağayev burada yunan-Roma güləş bölməsini yaradıb və sərbəst (milli güləş) növünün daha da inkişaf etdirilməsi, gənclərin, idman mütəxəssislərinin təzə yaranan UGİM-nə cəlb olunması üçün əlindən gələni əsirgəməyib. İdman fədaisi evində, kiçik bir otaqda böyük uğurlara imza atdı. Masallı güləşçiləri yarışlardan əliboş geri dönmürdü.
Zaqafqaziya birinciliyi (Gəncə) və SSRİ çempionatının (Yoşkar Ola) mükafatçısı N.Ağayev 1961-1966-cı illərdə Lənkəran rayon yığma komandasının baş məşqçisi olmuşdur. Lənkəranlı bahadırlar – SSRİ-nin əməkdar məşqçisi Ağamusa Nuriyev, idman ustaları Ağanəcəf Nəcəfov, Fariz Məhərrəmov, Zəfər Kələntərli, Baba Babayev, Rəhim Rəhmanov, Fəxrəddin Heydərov, Aleksandr Salitski, Nadir Cəbrayılov, Rüstəm Fərəcov və digərinin yetişməsində Nadir müəllimin müstəsna rolu olmuşdur.
N.Ağayev isə bütün bu ehkamları alt-üst elədi. O vaxta kimi yalnız paytaxt məktəblilərinin təmsil olunub həmişə uğursuz qayıtdığı SSRİ birinciliyinə 1975-ci ildə Masallı komandası vəsiqə qazandı. Məktəbli güləşçilərimiz Düşənbədən bürünc medalla qayıtdı!
Artıq 70-ci illərdə Tərlan Nuriyev, Əli Əliyev, Məşkur Qasımov, Kamal Mazanov, Namiq Cahangirov, Böyükxan Gülverdiyev, Səyədulla Əkbərov, Şirziyad Mehdiyev, Qardaşxan Əmənov, Elxan Bayramov, Bəybala Səmədov, Ağarza Nurullayev və onlarca idman ustası SSRİ və beynəlxalq güləş aləmində tanınmışdı...
1985-ci il yanvar 25-də vaxtsız dünyasını dəyişən N.Ağayev Ərkivanın Bağlakücə qəbiristanlığında torpağa tapşırılıb... Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq Ölkə prezidenti cənab İlham Əliyevin İdmana göstərdiyi diqqət və qayğıdan danışaraq idmançılara uğurlar diləmişdir.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Əməkdaşı Tofiq Eyvazov, 6 saylı Vergilər İdarəsinin rəisi Sərxan Məmmədov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edərək idmançılara uğurlar diləmişdir.
Turnirdə UGİM-ri , İdman cəmiyyətləri və İdman klublarından 17 komandanın iştirak etdiyi yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Əlihüseyn ŞÜKÜROV















































































.jpg)
.jpg)
.jpg)








