İdmançılarımız uğurla çıxış ediblər

İdmançılarımız uğurla çıxış ediblər

23 İyun 2011 21:57
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 23-də Ankarada keçirilən boks üzrə Avropa çempionatında yarımfinal görüşlər başa çatdı. Həmyerlilərimizdən ilk olaraq 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə rinqə çıxıb. O, ingilis Çarl Edvardsla döyüşdə hər 3 raundda rəqibindən üstün olub. Nəticədə 24:14 hesabı ilə qalib gələn milli komandamızın üzvü qitə çempionatının finalına vəsiqə qazanıb. İdmançımız rusiyalı Belik Qalanovla qarşılaşacaq.
Digər idmançımız - 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov almaniyalı rəqibi Yohanna Vitta üzərində inamlı qələbə qazanaraq, Avropa çempionatının finalına çıxıb. Həlledici qarşılaşmada boksçumuzun rəqibi Bolqarıstan idmançısı Tervel Pulev olacaq.
64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacəliyev isə yarımfinalda irlandiyalı Raymond Moylette ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən döyüş irlandiyalı boksçunun xeyrinə başa çatıb. Beləliklə, H.Hacəliyev Avropa çempionatında bürünc mükafatla kifayətlənib.

İdman sağlamlıqdır. Sağlam bədəndə isə sağlam ruh olur. Hər üç idmançımızı təbrik edir, yeni müvəffəqiyyətlər arzulayırıq.

Könül Aypara