Paytaxtda 65 min nəfərlik stadionun təməli qoyuldu

Paytaxtda 65 min nəfərlik stadionun təməli qoyuldu

6 İyun 2011 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda yeni Olimpiya stadionunun təməl qoyma mərasimi keçirilib. Mərasimdə ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə yanaşı, FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini də iştirak edib. Tədbirdə dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar yer alıb. Prezident İlham Əliyevə məlumat verilib ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq.

Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına, UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Arenanın layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb. Təməl qoyma mərasimində dünya və Azərbaycan futbol tarixindən bəhs edən film nümayiş olunub.

Azərbaycan prezidenti İlham Əliyev və rəsmi qonaqların çıxışlarından sonra stadionun təməl qoyma mərasimi olub. Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezidentin oğlu Heydər Əliyev isə topu rəmzi qapıya vuraraq bünövrəyə salıb. Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini xatirə topunu imzalayıblar. Mərasimdə iştirak edən qonaqlar prezident İlham Əliyev ilə söhbətlərində bir daha dövlət başçısına Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Bu cür şəraitdə gözəl oyun göstərməmək özü günahdır.

Tofiq Əliyev

O.M.