İtaliyalı voleybolçu Azərbaycanda oynayacaq
"Lokomotiv" növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə iddialı olacağını açıqlayan klub rəhbərliyi bu dəfə İtaliya millisinin aparıcı voleybolçusu Valentina Arriqettini rənglərinə bağlayıb.
29 yaşlı blokçu 2014/2015 mövsümündə "dəmriyolçular"ın şərəfini qoruyacaq. Arriqetti "Lokomotiv"ə yerli "Yamamay"dan transfer olunub.
Ölkəmizə gələnə kimi legioner həyatı yaşamayan 187 sm boya malik oyunçu daha öncə "Klub İtaliya" (2000-2002, gənclər), "Padova" (2002-2003), "Promo Frenze" (2003-2004), "Kavazzale" (2004-2005), "Viçentsa" (2005-2007) və "Foppapedretti" klublarının şərəfini qoruyub. O, bu komandalarla 2 dəfə Çempionlar Liqasını (2009, 2010), 1 dəfə İtaliya A seriyasının (2011), 1 dəfə ölkə kubokunu (2008) və 2 dəfə Superkubokunu (2011, 2012) qazanıb.
2006-cı ildən yığmasının formasını geyinən və hələlik 159 görüşdə millisinə kömək edən blokçu Avropa çempionatının və Çempionlar kubokunun qızıl medallarını (hər ikisi 2009) qazanıb. O, həmçinin 2007-ci və 2009-cu illərdə Dünya Qran-prisinin üçüncüsü adına yiyələnib. Arriqettinin medal kolleksiyasında Aralıq Dənizi Oyunlarının "bürüncü" də var.
Qeyd edək ki, bununla "Lokomotiv"in A seriyasından heyətinə qatdığı oyunçuların sayı 3-ə çatıb. Onlar daha öncə Valeriya Russo (İtaliya) və Karli Lloydu (ABŞ) da İtaliya klublarından transfer etmişdilər. Bakı təmsilçisi həmçinin, hollandiyalı Teon Buijsu baş məşqçi postuna gətirib, yığmamızın blokçusu Ayşən Abduləzimova və Yunanıstan millisinin hücumçusu Evangeliya Çantava ilə də anlaşıb.
Mediainfo.az