
Mustafa Dənizli: “Türkiyədən futbolçu gətirməyəcəm”
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizlinin apasport.az saytına müsahibəsi
- Komandanız Topaz Premyer Liqasının XXXV turunda bu gün "Simurq"un qonağı olacaq, amma siz Zaqatalaya getməməyə üstünlük verdiniz. Bunun səbəb nədir?
- Bakıda qalmağım daha yaxşıdır. Burda gələn mövsümün planlarını qururam. Həmçinin, bu gün çempionatda başqa oyunlar da var. Həmin görüşlərdən birini izləmək istəyirəm. Böyük ehtimalla "İnter" – "Qəbələ" matçına stadiondan baxacam.
- Bu görüşdə gözaltı etdiyiniz futbolçular var?
- Siyahımızda bəzi futbolçuların adları var. Amma onların adlarını demək düzgün olmaz.
- Son zamanlar "Bakı"nın hücumçusu Rauf Əliyevi komandanızda görmək istədiyiniz barədə xəbərlər dolaşır...
- Bu xəbərlərin yazılması normaldır. Çünki hazırda mövsüm bitib və komandalar hansısa futbolçularla maraqlanırlar. Ona görə də hər kəs bu barədə yaza bilər. Dediyim kimi, istədiyim bir neçə yerli futbolçu var. Amma daha dəqiq məlumat mövsüm bitdikdən sonra olacaq.
- Bir az konkretləşdirsək, Rauf Əliyevin adı "Xəzər Lənkəran"ın transfer siyahısındadır, yoxsa?
- Desəm var və ya yox, bu, düzgün olmayacaq. Rauf Əliyevin "Bakı" ilə qarşıda 2 oyunu var. O, hazırda həmin görüşlər haqqında düşünməlidir. Ona görə də konkret cavab vermək istəmirəm.
- Komandadan gedəcək futbolçuların siyahısı necə, bəllidir?
- Bəli, siyahını hazırlamışıq. Onlar komandadan ayrılacaqlar. Bizi qane etməyən futbolçuların adlarını yaxın günlərdə rəhbərliyə təqdim edəcəm.
- Gözləmək olar ki, gedənlərin yerini türkiyəli futbolçularla dolduracaqsınız?
- Yox, Türkiyədən futbolçu gətirməyəcəyik. Əsas hədəfimiz yerli futbolçulardır. Bütün diqqətimi buna yönəltmişəm. Azərbaycanlı futbolçuların transferi ilə bağlı işlər görməliyik. Bundan sonra digər məsələlərə baxacağıq.
- Yay hazırlıq planını hansı ölkədə keçəcəksiniz?
- Almaniya və ya Avstriya. Çox güman ki, Avstriya olacaq.
- Təlim-məşq toplanışına nə zaman başlamağı düşünürsünüz?
- Buna da qərar verməmişik. Bu, daha çox çempionatın başlama tarixindən asılıdır. Fikrimcə, Azərbaycan çempionatı avqustun 3-ü və ya 10-u start götürəcək. Buna görə hazırlıqların başlama vaxtını müəyyənləşdirəcəyik.
Mediainfo.az