İdman mərc oyunlarının qayda-qanununda dəyişiklik
Azərbaycanda idman mərc oyunlarının təsnifatı və qaydaları dəyişdirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Bədən tərbiyəsi və idman haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
Dəyişikliyə əsasən, qanunun 1.0.27-ci maddəsində idman mərc oyunları - idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən həyata keçirilən oyunlar kimi təsnifatlandırılacaq. Əlavə olunan 1.0.28-ci maddə də isə göstərilir ki, idman mərc oyunlarının operatoru - idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə akkreditasiya olunmuş hüquqi şəxsdir. Yeni təsnifatda göstərilən operatora qanunun digər maddələrində də müvafiq dəyişikliklər edilərək öhdəliklər verilir.
1.0.27-ci maddənin hazırkı mövcud variantda isə idman mərc oyunları – idman yarışlarının nəticəsinin əvvəlcədən təxmin edilməsinə əsaslanaraq oynanılan və iştirak edənlər arasında düzgün təxmin edənlərə əvvəlcədən elan olunmuş meyarlar əsasında mükafat qazandıran oyunlar kimi təsnifatı verilir. Əlavə və dəyişikliklər layihəsi artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti ay müzakirəyə çıxarılacaq.
O.M.