İstanbulda boks matçında dava düşdü, peşəkar fransız boksçusu Murad Əliyev azarkeşlər tərəfindən döyüldü
İstanbulda türk boksçusu Umut Çamkıran və Murad Əliyev WBC Silver ağır çəki dərəcəsində titul uğrunda döyüşdə üz-üzə gəldilər. Çoxdan gözlənilən döyüşü xalla qazanan Əliyev, matçdan sonra jestlə izləyicilərin qəzəbinə səbəb oldu.
Qələbədən sevinən Əliyevin azarkeşlərə yönəlmiş jestindən sonra isə ara qarışdı. Oyunu izləyən qəzəblənmiş tamaşaçılardan bəziləri rinqə daxil olaraq Murad Əliyevi döyməyə başladılar. Murad Əliyevi qəzəblənmiş tamaşaçıların əlindən zorla xilas edə bildilər.
WBC Silver ağır çəki titulu uğrunda təşkil olunmuş tədbirdə, Əliyevin xalla qələbə qazanmasından sonra baş verən hadisələr döyüşün özünü kölgədə qoydu.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Murad Əliyev azərbaycanəsilli tanınmış fransız peşəkar boksçusudur. O, 6 yaşında ikən Moskvanı tərk edərək ailəsi ilə birlikdə Fransanın Lill şəhərində məskunlaşıb. Daha sonra isə Əliyevin ailəsi Nor şəhərində yaşamağa başlayıb.
Murad Əliyev 2013-cü ilin aprel ayında ağır çəki kateqoriyasında (91 kq-a qədər) gənclər arasında Fransa Çempionu olub.
Müxtəlif yarışlarda Murad Əliyev dəfələrlə mükafatçılar arasında olub. 2021-ci ildən peşəkar boksla məşğul olmağa başlayıb və bir çox adlı-sanlı boksçulara qalib gəlib. WBС kateqoriyası üzrə yarışlarda adı ən tanınmış 10 peşəkar boksçular sırasındadır.
Əziz MUSTAFA
























































































