"Turan"a uduzan Qarabağ"ın uğursuzluq seiyası davam edir, "Neftçi" liderliyini möhkəmləndirir

"Turan"a uduzan Qarabağ"ın uğursuzluq seiyası davam edir, "Neftçi" liderliyini möhkəmləndirir

6 Noyabr 21:12
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ" "Azərsun Arena"da "Turan Tovuz"u qəbul edib. Ötən turda "Sabah"ı məğlub edən "Turan Tovuz" bu dəfə rəqib meydanında "Qarabağ"a 1-0 hesabı ilə qalib gəlib. Yeganə qolu 80-ci dəqiqədə Roderik Miller vurub.

Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib ki, qalib gəlmək istəyirdik, amma alınmadı. O əlavə edib ki, uduzmağımıza baxmayaraq ümumilikdə futbolçuların məsuliyyətindən və oyuna münasibətindən razı qaldım:

"Rəqibin qapımız qarşısında yüz faizlik qol imkanları yaratmasına imkan vermədik. Autdan sonra top əvvəlcə bizdə oldu, daha sonra rəqibə keçdi və nəticədə qol vuruldu. Yəqin ki, onlar bu qola layiq idilər. Rəqibi təbrik edirəm. “Turan Tovuz” artıq bir neçə turdur ki, inamlı təsir bağışlayır. Biz yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda millilərin oyunları ilə əlaqədar fasilə olacaq. Bundan istifadə edərək çatışmazlıqları düzəltməyə çalışacağıq".

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə deyib ki, qələbəyə görə sevinirəm, çünki, “Qarabağ” çox güclü komandadır:

"Hər oyuna xüsusi hazırlaşırıq. Mən daha çox futbolçularımıza görə sevinirəm. Onlar özlərinə inandılar və liderlərə qarşı oynaya biləcəklərini anladılar. Hər matç fərqli keçir".

Lider "Neftçi" isə "Palms Sports Arena"da "Kəpəz Gəncə" ilə qarşılaşıb. Oyun paytaxt komandasının 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Alen Skribek vurub.

Bu qələbə ilə "Neftçi" ümumi xallarını 24-ə çatdırıb və turnir cədvəlindəki liderliyini möhkəmləndirib. "Kəpəz" (17) beşinci yerdədir.

Əziz MUSTAFA