Fyuri və Coşua döyüşünün mükafat fondu rekord məbləğ – 200 milyon dollar olacaq
Britaniyalı boksçular Tayson Fyuri və Entoni Coşua üz-üzə döyüş üçün 200 milyon dollar məbləğində mükafat fondunu bölüşəcəklər. Oxuməni.az xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb.
Döyüş dekabrın 11-də Kardiff şəhərində keçiriləcək.
Qeyd olunur ki, döyüşün keçirilməsi ilə bağlı razılaşmadan əvvəl altı il ərzində mürəkkəb danışıqlar aparılıb. Müxtəlif səbəblərdən, o cümlədən boksçuların karyeralarını müvəqqəti dayandırmaqla bağlı açıqlamaları və promouterlər arasında yaranan münaqişələr səbəbindən danışıqlar dəfələrlə pozulub. Hazırda döyüşün təşkilində əsas rolu Səudiyyə Ərəbistanının Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx oynayıb.
38 yaşlı Tayson Fyuri daha əvvəl mütləq dünya çempionu tituluna sahib olub. O, müxtəlif vaxtlarda WBC, WBA (Super), IBF, WBO və IBO kəmərlərinə, həmçinin The Ring jurnalının nüfuzlu tituluna yiyələnib. Peşəkar karyerasında 36 qələbəsi (25-i nokautla) və iki məğlubiyyəti var.
36 yaşlı Entoni Coşua ağır çəkidə keçmiş dünya çempionudur. O, IBF, WBA, WBO və IBO titullarına sahib olub. Coşuanın aktivində 30 qələbə (27-si vaxtından əvvəl) və dörd məğlubiyyət var. O, həmçinin 2012-ci il Olimpiya çempionudur.
Almaz Həsənli

























































































