“Çelsi”nin keçmiş həmtəsisçisi Todd Bouli “Lukoyl”un xarici aktivlərini almağa hazırlaşır
Amerikalı milyarder və maliyyəçi Todd Bouli ABŞ-ın sanksiyalarına məruz qalan “Lukoyl”un xarici aktivlərini almaq üçün konsorsium yaradıb. Oxuməni az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, iş adamı “Lukoyl”un aktivləri uğrunda mübarizədə iştirak etmək üçün ABŞ hökumətinin və Donald Trampın ailəsi ilə əlaqəli olan Fars körfəzinin nüfuzlu şəxslərinin dəstəyini alıb.
Belə ki, Boulinin konsorsiumuna xaricdəki layihələri maliyyələşdirən ABŞ dövlət korporasiyası DFC, BƏƏ prezidentinin qardaşı şeyx Təhnun bin Zayed Əl Nəhyan və Qətərin Əl-Həyyat ailəsi daxil olub. Sonuncular daşınmaz əmlak və enerji sahəsindəki layihələrdə Ağ Ev və Trampın ailə üzvləri ilə sıx əməkdaşlıq ediblər.
Ötən həftə “Çelsi” futbol klubundakı payını satan Bouli bir neçə aydır ki, “Lukoyl”un aktivlərinin alınması üzrə potensial sövdələşmə üzərində işləyir.
Bouli şirkətin “Carlyle” ilə ilin əvvəlində razılaşdırdığı, lakin hələ də Vaşinqtonun təsdiqini gözləyən sövdələşməsini üstələməyə çalışır. Fevral ayında “Reuters”in mənbələri bildirmişdi ki, ABŞ hakimiyyəti Ukrayna ilə müharibənin bitməsi ilə bağlı danışıqlarda Rusiyaya təzyiq göstərmək üçün “Lukoyl”un aktivlərinin satışını ləngidir.
“Financial Times”ın həmsöhbətlərinə görə, Boulinin konsorsiumunun “Lukoyl” ilə sövdələşməsi artıq irəliləmiş mərhələdədir.
“Lukoyl” 2025-ci ilin payızında ABŞ-ın sanksiyaları altına düşüb. Bundan sonra şirkət təxminən 20 milyard dollar dəyərində olan xarici aktivləri üçün alıcı axtarmağa başlayıb.
Almaz Həsənli





























































































