Messi öz dünya rekordunu yeniləyib
"İnter Mayami"nin futbolçusu Lionel Messi karyerası ərzində qazandığı komanda titullarının sayına görə dünya rekordunu yeniləyib.
Oxuməni. az xəbər verir ki, "İnter Mayami" finalda Meksikanın "Krus Asul" komandasını məğlub edərək Çempionlar Kubokunu (Campeones Cup) qazanıb. Bu titul Messi üçün karyerasındakı 49-cu kubok olub. Görüş 2:0 hesabı ilə başa çatıb. Messi qollardan birinin müəllifi olub; bu qol 39 yaşlı bombardirin "İnter Mayami"dəki 100-cü, karyerası ərzində isə 929-cu qolu kimi tarixə düşüb.
Çempionlar Kuboku 2018-ci ildən etibarən keçirilir. Finalda Amerika və Meksika liqalarının hazırkı çempionları qarşılaşırlar. "İnter Mayami" öz tarixində ilk dəfə bu kuboku qazanıb.
Xatırladaq ki, Messi buna qədər "Barselona"da 35, PSJ-də 3, "İnter Mayami"də 4 və Argentina millisi ilə 6 titul qazanıb. Hücumçu futbol tarixində qazanılan komanda titulları üzrə rekordu yeniləyib. Bu göstəriciyə görə ikinci yerdə Messinin "Barselona"dakı keçmiş komanda yoldaşı Dani Alves (45) qərarlaşıb.
Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Amerika klubundakı karyerası ərzində Messi bütün turnirlərdə 115 matçda iştirak edib, 100 qol vurub və 58 məhsuldar ötürmə edib.
Almaz Həsənli





























































































