UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"ni məğlub etdi
Azərbaycanın "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın "Tvente" komandası ilə qarşılaşıb.
Oxuməni az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Niderlandda "Tvente"nin qonağı olub.
Enshede şəhərindəki "Qrols Veste" stadionunda keçirilən oyun "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü albaniyalı hakim Yucin Caya idarə edib.
Ağdam klubunun heyətində yeganə qolu 52-ci dəqiqədə Musa Qurbanlının ötürməsindən sonra Kadi Borjes vurub.
Fasilədən sonrakı yeddi dəqiqəlik oyun həlledici olub. Artıq 46-cı dəqiqədə Muaddib Kadini zərbə mövqeyinə çıxarıb, lakin braziliyalı futbolçunun zərbəsindən sonra top dirəyə dəyib. 52-ci dəqiqədə isə Kadi növbəti fürsəti əldən verməyib: Musa Qurbanlının assistentliyi ilə yarımmüdafiəçi topu aşağı küncə göndərib.
Heyətdəki çoxsaylı itkilər və komandanın oyununun ürəkaçan olmaması fonunda əsas vəzifə məğlub olmamaq idi. Çünki belə şəraitdə heç-heçə belə uğurlu nəticə hesab olunardı. Lakin "Qarabağ" gözlənilməz bir şəkildə daha artığına nail oldu. Bəli, "köhlən atlar" hələ də öz əvvəlki oyununu nümayiş etdirmir, lakin onlar iradə və xarakter göstərərək sadəcə mübarizə aparmadılar, həm də vacib bir qələbə qazandılar.
İndi bizi bir həftə sonra Bakıda cavab oyunu gözləyir. Şübhəsiz ki, bu, çox çətin oyun olacaq. Rəqibin artıq itirəcəyi bir şey yoxdur, ona görə də "Qarabağ"ı evdə daha çətin sınaq gözləyir. Hər halda, matçı səbirsizliklə gözləyirik...
Bu, "Qarabağ"ın "Tvente" üzərində rəsmi matçlardakı ilk qələbəsidir. Bu, "Qarabağ" və "Tvente" arasında avrokuboklarda beşinci qarşılaşmasıdır. 2009/10 mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizədə niderlandlılar iki oyunun cəmində qalib gəlmişdilər — 3:1 və 0:0.
"Qarabağ" beş il sonra revanş ala bilmişdi. Avropa Liqasının həmin mərhələsində komandalar 0:0 və 1:1 hesablı heç-heçə etmişdilər. Səfərdə vurulan qol sayəsində Qurban Qurbanovun komandası tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmışdı.
Cavab matçı avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
Almaz Həsənli

































.jpg)























































