İnfantino səhvinə görə üzr istədi, lakin FİFA prezidenti olaraq qaldı

İnfantino səhvinə görə üzr istədi, lakin FİFA prezidenti olaraq qaldı

12:10
Bəyəndim (1) Bəyənmədim (0)

Canni İnfantino Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti vəzifəsini icra etməyə davam edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə təşkilatın Mərakeşin paytaxtı Rabatda keçirilən rəhbərlik iclasının yekunlarına dair rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, FİFA-nın baş katibi Mattias Qrafström və təşkilatın idarə heyətinin üzvləri İnfantinoya "tam dəstəklərini təsdiqləyiblər". "Sky News" telekanalı Rabatdakı görüşün yeddi saat davam etdiyini qeyd edir.

Telekanalın məlumatına görə, İnfantino və Qrafström milli futbol assosiasiyalarına məktub göndərərək, dünya çempionatındakı payın özəl investorlara satılması planları zamanı yol verilən səhvlərə görə üzr istəyiblər.

"Bu səhvlərə görə səmimi qəlbdən üzr istəyirik və söz veririk ki, bunlar bir daha təkrarlanmayacaq", - deyə məktubda bildirilir. Bununla yanaşı, məktub müəllifləri FİFA-nın planlarının mətbuata sızmasını da səhv hesab etdiklərini qeyd ediblər.

İyulun sonunda məlum olmuşdu ki, İnfantino dünya çempionatlarındakı payları özəl investorlara satmaq qərarına gəlib. Ehtimal olunurdu ki, hüquqların təxminən 20%-ni ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin rəhbərlik etdiyi özəl investorlar qrupu əldə edəcək.

Bu ideya milli futbol federasiyalarının kəskin tənqidinə səbəb olub. Belə ki, UEFA-nın 55 üzvünün adından dərc olunan rəsmi bəyanatda bildirilirdi ki, payın satılması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə, təşkilat dünya çempionatlarını boykot edəcək. İnfantinonun layihəsindən narazılığını Madridin "Real", Turin "Yuventus"u, Münhen "Bavariya"sı və Dortmund "Borussiya"sı kimi dünyanın ən böyük futbol klubları da ifadə edib.

FİFA avqustun 1-də dünya çempionatındakı payların özəl investorlara satılması planlarından imtina etdiyini elan edib.

İnfantino 2016-cı ildən FİFA prezidenti vəzifəsini tutur. Onun bu vəzifədəki ikinci müddəti 2027-ci ildə başa çatır. O, daha əvvəl yeni, dördillik müddətə seçilmək planları barədə məlumat vermişdi.

Almaz Həsənli