UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Kiyev "Dinamo"su ilə qarşılaşacaq
Bu gün Azərbaycanın "Qarabağ" klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Oxuməni.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri neytral meydanda Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 21:00-da Polşanın "Arena Lublin" stadionunda başlayacaq.
"Dinamo" və "Qarabağ" arasında keçiriləcək oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Morten Kroq təyin olunub. Ona yan xətt hakimləri Steffen Bramsen və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yakob Karlsen yerinə yetirəcək. VAR sistemində Yakob Kehlet və onun köməkçisi Yens Moe çalışacaqlar.
Komandalar arasında cavab görüşü avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə rəqibini məğlub edəcəyi təqdirdə turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.
Almaz Həsənli






















































































