"Qarabağ", "Neftçi" və "Zirə" avrokuboklarda cavab oyunlarına çıxacaqlar
Bu gün üç Azərbaycan klubu – "Qarabağ", "Neftçi" və "Zirə" avrokubokların 2-ci təsnifat mərhələsi çərçivəsində cavab oyunlarını keçirəcəklər.
"Qarabağ" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri səfərdə Bolqarıstanın MOİK (ÇSKA) komandası ilə qarşılaşacaqlar.
UEFA Avropa Liqası
22:00 MOİK (Bolqarıstan) – QARABAĞ (Azərbaycan)
Sofiya, "Vasil Levski" stadionu. Baş hakim – Bram van Drişke (Belçika). İlk oyun – 0:0.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində Moldova "Şerif"i ilə İsrailin "Makkabi" (Tel-Əviv) komandası arasındakı cütün qalibi ilə qarşılaşacaq (ilk oyun – 0:5). Məğlub olan tərəf isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) və Yunanıstanın PAOK komandaları arasındakı cütün məğlubu ilə oynayacaq (ilk oyun – 2:3).
"Zirə" və "Neftçi" də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarını keçirəcəklər.
Hər iki komanda ilk oyunlarda məğlub olub. "Zirə" Estoniyanın "Payde" komandası ilə ilk görüşünü səfərdə keçirib. Məğlubiyyətə (0:1) baxmayaraq, Rəşad Sadıxovun yetirmələrinin növbəti mərhələyə keçmək üçün şansları hələ də yüksəkdir. Onlar Estoniyadakı oyunda matçın böyük hissəsində üstün tərəf olublar, yalnız oyunun sonuna yaxın tempin düşməsi nəticəsində qol buraxıblar.
"Neftçi"nin Bakıda keçirdiyi ilk oyun Belarus komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin mübarizəni davam etdirməsi üçün ən azı iki top fərqi ilə qalib gəlməsi lazımdır: belə nəticə oyunu əlavə vaxta daşıyacaq, üç top fərqi ilə qələbə isə bakılıları növbəti mərhələyə çıxaracaq.
Həm "Zirə", həm də "Neftçi" bir həftə əvvəlki məğlubiyyətlərdən sonra geri dönüş etməyə çalışacaqlar, lakin "qartallar"ın şansları daha yüksək qiymətləndirilir. Hər halda, hər iki komanda 3-cü mərhələyə vəsiqə qazanmaq üçün qarşıdakı oyunlarda özlərinin ən yaxşı keyfiyyətlərini ortaya qoymalıdırlar.
UEFA Konfrans Liqası
20:00 ZİRƏ (Azərbaycan) – PAYDE (Estoniya)
Sumqayıt, "SOCAR Polymer Arena". Baş hakim – Patrik Kolariya (Xorvatiya). İlk oyun – 0:1.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində Andorranın "Santa-Koloma" və Avstriyanın "Rapid" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq (ilk oyun – 1:3).
21:00 DİNAMO-MİNSK (Belarus) – NEFTÇİ (Azərbaycan)
Stara-Zaqora (Bolqarıstan), "Beroye" stadionu. Baş hakim – Tim Marşall (Şimali İrlandiya). İlk oyun – 4:2.
Bu cütlüyün qalibi 3-cü təsnifat mərhələsində (ilk oyun – 0:1) Serbiya Željezničar və Portuqaliya Braga cütlüyünün qalibi ilə oynayacaq.
Almaz Həsənli








.jpg)





































.jpg)











































