Mbappe Fransa millisinin azarkeşlərinə açıq məktub yazıb

Mbappe Fransa millisinin azarkeşlərinə açıq məktub yazıb

15:08
Bəyəndim (1) Bəyənmədim (0)

Dünya çempionatının başa çatmasından bir həftə sonra Fransa millisinin kapitanı Kilian Mbappe mətbuatda azarkeşlərə, komanda yoldaşlarına və məşqçilər korpusuna ünvanlanmış təşəkkür məktubu dərc etdirib.

Adətən müxtəlif bəyanatlar üçün sosial şəbəkələrdən fəal istifadə edən 27 yaşlı Mbappe bu dəfə mediaya üstünlük verib. Oxuməni. az xəbər verir ki, onun açıq məktubu iyulun 27-də "L'Équipe" idman qəzeti də daxil olmaqla, bir neçə Fransa nəşrinin reklam səhifələrində dərc olunub.

Futbolçu azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib: "Siz bizi ən çətin anlarda belə, hətta buna çox da layiq olmadığımız vaxtlarda belə tək qoymadınız. Biz bu tarixi təkcə meydandakı on bir oyunçunun səyi ilə deyil, ümumi həvəslə birləşən milyonlarla əllə yazdıq".

"Siz saat qurşaqlarından asılı olaraq, bəzən gecənin yarısına qədər yuxusuz qalıb dünyanın o biri ucunda necə oynadığımızı izləyirdiniz; siz evlərdə, barlarda, ailəniz və ya dostlarınızla birlikdə bütün Fransada və onun hüdudlarından kənarda toplaşırdınız. Siz elə orada, stadionlarda, çiyinlərinizdə bayraqlarla bizimlə idiniz. Gözləri parlayan uşaqlar, bütün millətlərdən və nəsillərdən olan kişi və qadınlar birlikdə, eyni zövq – birgə yaşantı zövqü ilə birləşmişdiniz. Bu idman növünün gücü məhz bundadır", - deyə Kilian Mbappe bildirib.

Dünya çempionatları tarixinin bombardiri (22 qol) bildirib ki, milli komanda turnirdə "inanılmaz bir hekayə" yaşayıb, finala çıxa bilməmək və kubok uğrunda mübarizə apara bilməmək isə ağrı verir və "bir müddət də ağrı verəcək".

"Bombardir titulunu qürurla qəbul edirəm, lakin onun yanına kubok da əlavə olunsaydı, çox daha yaxşı olardı", - deyə yazan Mbappe qeyd edib ki, biz "hekayəmizin finalını seçmirik", lakin oyunçular mübarizəyə bütün güclərini qoyublar.

O, həmçinin milli komandanın digər futbolçularını da qeyd edib:

"Komanda yoldaşlarıma təşəkkür edirəm. Onların əməyi, keçidləri, ötürmələri, bizi ilk matçdan sonuncuya qədər aparan o komanda ruhu olmasaydı, mən bu qədər qol vura bilməzdim. Bu titul mənə olduğu qədər, komandaya da məxsusdur".

Mbappe həmçinin Fransa millisinin artıq keçmiş baş məşqçisi Didye Deşama və bütün heyətə: fizioterapevtlərə, aşpazlara, məşqçilərə, sürücülərə – "pərdə arxasında qalan, lakin onlarsız bütün bunların mümkün olmayacağı hər kəsə" yenidən təşəkkür edib.

"Futbol, əslində, bir oyundur. Çox ciddi yanaşdığımız və ömür boyu mənimsəməyə çalışdığımız bir oyun".

"Hələ birlikdə oynamağı bitirməmişik", - deyə milli komandanın kapitanı yekunlaşdırıb.

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatından əvvəl azarkeşlər “Real” Madrid ilə mübahisəli mövsümündən sonra milli komandanın kapitanını tənqid edirdilər. Sosial mediada "diktator Kilian" haqqında zarafatlar və memlər, eləcə də onu ehtiyat oyunçular skamyasında saxlamaq çağırışları çoxaldı.

Lakin, turnir zamanı Mbappe oyunçu və kapitan kimi etibarlılığını bir daha təsdiqlədi. Turnir zamanı PardonKylian.fr veb saytı istifadəyə verildi və burada fransız azarkeşlər Mbappedən Dünya Çempionatından əvvəl ona qarşı tənqid və inamsızlığa görə üzr istədilər. "Kilian, bizi bağışla. Fransa səhv etdi. Biz şübhə etdik, tənqid etdik və nankorluq etdik. Vəziyyəti düzəltməyin vaxtı gəldi", - veb saytında bildirilir.

Almaz Həsənli