Avropa Liqası: "Qarabağ" ÇSKA-nı məğlub edə bilmədi

Avropa Liqası: "Qarabağ" ÇSKA-nı məğlub edə bilmədi

09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" və Sofiya ÇSKA-sı arasında ilk oyunu başa çatıb.

Oxuməni.az xəbər verir ki, görüş heç-heçə başa çatıb — 0:0.

Oyunu FİFA referisi Daniele Kiffinin rəhbərlik etdiyi italyan hakim briqadası idarə edirdi.

ÇSKA komandası "köhlən atlar"ın 1-ci mərhələdəki rəqibindən qat-qat güclü idi. Biz bunu Bakıdakı 90 dəqiqə ərzində əyani şəkildə gördük.

"Qarabağ" matçın əvvəlində təşəbbüsü ələ alaraq bolqarları qapıları qarşısında sıxışdırsa da, ÇSKA təhlükəli əks-hücumlarla cavab verirdi. Belə ki, 41-ci dəqiqədə Ancelo Martino hesabı açmağa yaxın olsa da, qapıçı Mateuş Koxalski komandasını xilas etdi.

İkinci hissədə "Qarabağ" bolqar komandasını daha çox sıxmağa başladı: 59-cu dəqiqədə Kadi Borqes qol vursa da, VAR yoxlamasından sonra qol ləğv edildi. Hər keçən dəqiqə "Qarabağ" daha fəal şəkildə hücuma atılır, rəqib üçün boş zonalar saxlayırdı.

Cavab görüşü iyulun 30-da Bolqarıstandakı "Vasil Levski" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub olan tərəf isə Konfrans Liqasının 3-cü mərhələsinə yollanacaq və orada "Dinamo" (Kiyev, Ukrayna) - PAOK (Yunanıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Almaz Həsənli