DÇ-2026: Argentina millisi İngiltərə komandası üzərində iradəli qələbə qazanaraq ardıcıl ikinci dəfə Dünya Çempionatının finalına yüksəlib
Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Argentina millisi ardıcıl ikinci dəfə futbol üzrə Dünya Çempionatının finalına çıxıb. Komandalar ABŞ-ın Atlanta şəhərindəki "Mersedes-Bens Stedium"da qarşılaşıblar. Matçı baş hakim qismində İsmayıl Elfath (Ostin, ABŞ) idarə edib.
Oxuməni. az xəbər verir ki, DÇ-2026-nın yarımfinalında argentinalılar İngiltərə millisini 2:1 hesabı ilə məğlub ediblər. Entoni Qordon 55-ci dəqiqədə İngiltərə yığmasını hesabda önə keçirib.
Argentina 85-ci dəqiqədə tarazlığı bərpa edib. Lionel Messidən ötürmə alan Entso Fernandes cərimə meydançasının xaricindən vurduğu möhtəşəm zərbə ilə hesabı 1:1-ə çatdırıb.
Qələbə topunu isə 90+2-ci dəqiqədə Lautaro Martines vurub. Messinin ötürməsindən sonra o, başla topu qapıdan keçirib - 2:1.
Argentina millisi hazırkı dünya çempionudur. Argentinalılar titullarını final matçında İspaniya yığmasına qarşı qoruyacaqlar.
2026-cı il futbol üzrə Dünya Çempionatının finalı iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki "Metlayf Stedium"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İngiltərə və Fransanın qarşılaşacağı bürünc medal uğrunda oyun isə iyulun 19-da Mayamidəki "Hard Rok Stedium"da baş tutacaq və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı Dünya Çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli





























.jpg)

.jpg)


.jpg)





















































