İspaniya millisi Fransa komandasını məğlub edərək DÇ-2026-nın ilk finalçısı oldu

İspaniya millisi Fransa komandasını məğlub edərək DÇ-2026-nın ilk finalçısı oldu

10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.

Oxuməni. az xəbər verir ki, İspaniya millisi 2026-cı il futbol üzrə Dünya Çempionatının ilk finalçısı olub.

İspaniya yığması Dünya Çempionatının yarımfinalında Fransa millisini 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya birinciliyinin finalına yüksəlib. Görüş ABŞ-ın Arlinqton şəhərindəki "AT&T" stadionunda keçirilib. Matçın baş hakimi salvadorlu İvan Barton olub.

22-ci dəqiqədə Mikel Oyarzabal penaltini dəqiq yerinə yetirərək İspaniya millisini hesabda önə keçirib. 29-cu dəqiqədə "üçrənglilər"in heyətində zədələnən Vilyam Saliba əvəzlənib, onun yerinə meydana Maksans Lakrua daxil olub. 58-ci dəqiqədə Pedro Porro ispanların ikinci qolunu vurub.

İspaniya tarixində ikinci dəfə Dünya Çempionatının yarımfinalında oynayıb və ikinci dəfə finala çıxıb. Komanda 2010-cu ildə qızıl medalları qazanmışdı.

"Qırmızı furiya" DÇ-2026-nın finalında İngiltərə - Argentina matçının qalibi ilə qarşılaşacaq. İkinci yarımfinal bu gün Atlantada (ABŞ) keçiriləcək, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

2026-cı il futbol üzrə dünya çempionatının final matçı iyulun 19-da İstr-Raterfordda (Nyu-Cersi ştatı, ABŞ) yerləşən "MetLife Stadium"da keçiriləcək. Bürünc medallar uğrunda oyun isə iyulun 18-də Mayamidəki "Hard Rock Stadium"da baş tutacaq.

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı Dünya Çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.

Almaz Həsənli