BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib

BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib

12:06
Bəyəndim (1) Bəyənmədim (0)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətinin dayandırılması barədə qərarı ləğv edib və rusiyalı idmançılara qarşı bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib. Oxuməni.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

ROK-un hüquqları 2023-cü ilin oktyabrından – Rusiyanın ilhaq edilmiş Ukrayna ərazilərinin olimpiya şuralarını öz milli komitəsinin tərkibinə daxil etməsindən sonra məhdudlaşdırılmışdı. BOK bunu Olimpiya Xartiyasının və Ukraynanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirmişdi.

Təşkilatın bəyanatında deyilir ki, ROK-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar BOK-un hüquq məsələləri üzrə komissiyasının "hərtərəfli təhlilindən" sonra yenidən nəzərdən keçirilib. Komissiya müəyyən edib ki, ROK-un tərkibinə artıq Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) yurisdiksiyasında olan ərazilərdə yerləşən idman təşkilatları daxil deyil.

BOK vurğulayır ki, zərurət yarandığı təqdirdə ROK-a qarşı məhdudiyyətləri yenidən tətbiq edə bilər.

BOK, həmçinin rusiyalı idmançıların beynəlxalq yarışlara yalnız neytral statusda buraxılması ilə bağlı tövsiyələri də ləğv edib. Bununla yanaşı, təşkilatdan bildiriblər ki, idmançılar mövcud antidopinq tələblərinə uyğunluq üçün ciddi yoxlamadan keçməlidirlər.

BOK-un tövsiyələri rusiyalıların yarışlara və Olimpiya oyunlarına avtomatik buraxılması demək deyil – hər bir idman növü üzrə yekun qərarı müvafiq beynəlxalq federasiyalar qəbul etməlidir. Onlardan bəziləri artıq dəfələrlə rusiyalıların yarışlara buraxılması barədə qərar qəbul ediblər.

Bununla belə, təşkilat hələlik yarışlarda Rusiya bayrağı, himni və milli rəmzlərindən istifadə ilə bağlı qərar qəbul etməyib. BOK əlavə edib ki, öz tədbirlərini Rusiyada keçirmək və ora rusiyalı məmurları dəvət etmək niyyətində deyil, həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini pisləyib.

Təşkilat öz qərarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat dövrünün başlaması, eləcə də "bütün idmançılar üçün yarışlara bərabər çıxışın təmin edilməsi zərurəti" ilə əsaslandırıb.

Almaz Həsənli