"Formula-1" pilotları LEGO bolidlərində yarış keçiriblər

"Formula-1" pilotları LEGO bolidlərində yarış keçiriblər

15:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Formula-1" pilotları Böyük Britaniya Qran-prisi ərəfəsində LEGO-dan hazırlanmış bolidlərdə qeyri-adi yarış keçiriblər. Oxuməni.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Çempionatın bütün 20 pilotu zarafat xarakterli yarışda iştirak edərək, 28 mindən çox LEGO detalından yığılmış tamölçülü avtomobillərə əyləşiblər.

Bolidlərin hazırlanması üzərində LEGO-nun 20 dizayneri, mühəndisi və mütəxəssisi çalışıb. Bütün avtomobillərin istehsalına ümumilikdə 6400 saatdan çox vaxt sərf olunub. Hər bir bolidin çəkisi təxminən 280 kiloqramdır, saatda 25 kilometr sürət yığa bilir və müvafiq "Formula-1" komandasının korporativ rəng çalarlarını tam şəkildə əks etdirir.

Qeyri-adi yarış Böyük Britaniya Qran-prisi öncəsi keçirilən tədbirlərin ən yaddaqalan məqamlarından biri olub. Yarışın qalibi ikiqat dünya çempionu Fernando Alonso olub.

Qeyd edək ki, LEGO bolidlərinin paradı ilk dəfə 2025-ci ildə Mayami Qran-prisi öncəsi təşkil olunmuşdu. Azarkeşlərin böyük marağı və müsbət rəylərindən sonra təşkilatçılar bu cür yürüş və yarışları çempionatın digər mərhələlərinin də ayrılmaz hissəsinə çevirmək qərarına gəliblər.

Almaz Həsənli