Əfsanəvi İrina Rodnina kiçik Plyuşenkonun Azərbaycanı təmsil etməsinə münasibət bildirib
Bədii fiqurlu konkisürmə üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina "Match TV" ilə söhbətində bildirib ki, fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan bayrağı altında çıxış etmək qərarını müzakirə etmək istəmir. Bu barədə Oxuməni.az “Sportbox”a istinadla xəbər verir.
Daha əvvəl Rusiya Konki İdmanı Federasiyasının (FFKKR) prezidenti Anton Sixarulidze bildirmişdi ki, kiçik Plyuşenkonun Azərbaycan yığmasına keçidi idmançının valideynləri tərəfindən qəbul edilib və təşkilat bu qərarı təsdiqləyib. KİV-in məlumatına görə, Beynəlxalq Konki İdmanı İttifaqı (ISU) bu həftə Plyuşenkoya idman vətəndaşlığını dəyişdirmək üçün rəsmi icazə verəcək. Aleksandr Plyuşenko ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur.
"Bu mövzuda daha danışmaq istəmirəm. Uşağı rahat buraxın. İdman sahəsində nə qədər hadisə baş verdiyinə baxın. İdmanla məşğul olun, şayiələrlə yox," - Rodnina Sankt-Peterburqda keçirilən Peterburq Beynəlxalq İqtisadi Forumun kuluarlarında "Match TV"yə bildirib.
Almaz Həsənli























































































