"Yuventus" hücumçusunu itirə bilər: Rəhbərlik maaş məsələsində Dusan Vlahoviçlə razılığa gələ bilməyib
"Yuventus"un hücumçusu Dusan Vlahoviç iyun ayında müqaviləsi bitdikdən sonra Turin klubundan azad agent kimi ayrılacaq.
"Bianconeri"nin beynəlxalq əlaqələr və skautluq üzrə rəhbəri Corco Kyellini klubun 26 yaşlı serbiyalı hücumçu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmədiyini açıqladı.
"Çox üzr istəyirəm. O, sona qədər "Yuventus"a sadiq qaldı. O, ciddi insandır. O, bu cür pula görə İtaliyada qalmayacaq, amma fərqli maaş istəməsi təbiidir", jurnalist Canluka Di Marzio Kyellinidən sitat gətirir.
Medianın məlumatına görə, Turin klubu hücumçuya ildə 6 milyon avro dəyərində yeni müqavilə və 1 milyon avroluq transfer bonusu təklif edib, oyunçu isə ildə 8 milyon avro və daha böyük bonus gözləyirdi.
Qeyd etmək lazımdır ki, Vlahoviç 2022-ci ilin yanvar ayından bəri "Yuventus"da oynayır. Serbiyalı hücumçu bu mövsüm Turin klubunun heyətində bütün yarışlarda 23 oyuna çıxıb, on qol vurub və iki məhsuldar ötürmə edib.
Əziz MUSTAFA























































































