Kanada 2026-cı il Dünya Çempionatına 800 milyon dollar xərcləyəcək
Kanada hökuməti 2026-cı il FIFA Dünya Kubokuna ev sahibliyi etmək üçün təxminən 1,1 milyard Kanada dolları (801 milyon dollar) xərcləyəcək. Oxuməni.az “İnterfax”a istinadla xəbər verir ki, bu barədə ölkənin Parlament hesabatında bildirilir.
Ölkə hər biri təxminən 82 milyon Kanada dollarına başa gələn 13 Dünya Kuboku oyununa ev sahibliyi edəcək. On oyun qrup mərhələsində, üçü isə pley-offun müxtəlif mərhələlərində keçiriləcək.
Ümumi xərcin təxminən 473 milyon dolları federal büdcədən, 593 milyon dolları isə yerli büdcələrdən gələcək. Əsas xərclər təhlükəsizliklə bağlıdır, lakin vəsaitlər stadionların və digər idman infrastrukturunun təkmilləşdirilməsinə də xərclənəcək. "Politico" əvvəllər ABŞ federal hökumətinin 2026-cı il Dünya Kuboku zamanı təhlükəsizlik tədbirlərinə 625 milyon dollar xərcləyəcəyini, üstəlik, 11 Amerika ev sahibi şəhərinin hər birinin 200 milyon dollara qədər töhfə verəcəyini bildirmişdi.
Dünya Kuboku 11 iyunda başlayır, final isə 19 iyulda Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək.
Almaz Həsənli












































































.png)












