"Bavariya" və "Arsenal" Çempionlar Liqasının yarımfinalına yüksəldi

"Bavariya" və "Arsenal" Çempionlar Liqasının yarımfinalına yüksəldi

10:14
Bəyəndim (1) Bəyənmədim (0)

Futbol üzrə Çempionlar Liqasının dörd yarımfinalçısı bəlli olub. Çərşənbə günü axşam "Bavariya" və "Arsenal" dörddəbir final mərhələsini adlayıblar.

Oxuməni.az xəbər verir ki, 2025/2026 mövsümü Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bavariya" (Almaniya) və "Real Madrid" (İspaniya) qarşılaşıb. Oyun "Arena Münhen" stadionunda keçirilib. Matçın baş hakimi Slavko Vinçiç olub. Oyun "Bavariya"nın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Arda Gülər matçın ilk dəqiqəsində, "Bavariya"nın qapıçısı Manuel Noyerin səhvindən yararlanaraq hesabı açıb. Ev sahibi komandanın yarımmüdafiəçisi Aleksadar Pavloviç altıncı dəqiqədə hesabı bərabərləşdirib. Gülər 29-cu dəqiqədə cərimə zərbəsindən vurduğu gözəl qolla qonaq komandanı önə keçirib. "Bavariya"nın hücumçusu Harri Keyn 38-ci dəqiqədə hesabı 2:2 edib. Kilian Mbappé 42-ci dəqiqədə "Real"ın üçüncü qolunu vurub.

İkinci hissədə, 86-cı dəqiqədə "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinga meydandan qovulub. 89-cu dəqiqədə Luis Dias hesabı bərabərləşdirib. Matçın sonunda, 90+4-cü dəqiqədə Maykl Olise qələbə qolunu vurub.

İlk oyunda "Bavariya" "Real"ı 2:1 hesabı ilə məğlub etmişdi. Beləliklə, "Bavariya" Çempionlar Liqasının yarımfinalına yüksəlib və orada "PSJ" ilə qarşılaşacaq.

Çempionlar Liqasının 1/4 final mərhələsinin digər cavab oyununda "Arsenal" və "Sportinq" Londonda 0:0 hesablı heç-heçə oynayıb. Lissabonda keçirilən ilk oyunda ingilislər 1:0 hesabı ilə qalib gəlmişdi. Yarımfinalda "Arsenal" "Atletiko" ilə qarşılaşacaq.

Bu gün, aprelin 16-da, 2025/2026 mövsümü UEFA Çempionlar Liqasının yarımfinal matçlarının cədvəli açıqlanıb. Bu mərhələdə "PSJ" - "Bavariya" və "Atletiko" - "Arsenal" qarşılaşmaları baş tutacaq. Bütün yarımfinal matçları Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

İlk oyunlar:

28 aprel. "PSJ" — "Bavariya";

29 aprel. "Atletiko Madrid" — "Arsenal".

Cavab oyunları:

5 may. "Arsenal" — "Atletiko Madrid";

6 may. "Bavariya" — "PSJ".

Turnirin finalı 30 mayda Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena" stadionunda keçiriləcək.

Almaz Həsənli