“Qarabağ” Avropanın ən yaxşıları arasında: Məğlubiyyətə üzülmək yox, tarixi nailiyyətə sevinmək lazımdır
Hamımız üçün doğma və əziz olan “Qarabağ”ın UEFA Çempionlar Liqasında əldə etdiyi nəticə Azərbaycan futbolu tarixində növbəti qürur səhifəsidir.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə AZƏRTAC-da gedən yazıda deyilir.
Ağdam təmsilçisinin turnirin qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlməsi təkcə bir komandanın deyil, bütövlükdə ölkə futbolunun qazandığı uğurdur. Bu, illərlə çəkilən zəhmətin, düzgün strategiyanın və böyük inamın nəticəsidir.
Bəli, ötən gün “Liverpul” kimi dünya nəhənginə qarşı oyunda böyükhesablı məğlubiyyət qeydə alındı. Amma bu nəticəyə yalnız tablodakı hesab prizmasından baxmaq ədalətli deyil. “Liverpul” Avropa futbolunun ən köklü və titullu komandalarından biridir. Belə ki, İngiltərə təmsilçisi Çempionlar Liqasının 6 dəfə qalibi olub. İstər büdcəsi, istər heyəti və istərsə də təcrübəsi ilə bir çox klub üçün əlçatmaz zirvədir. Belə bir komandaya qarşı meydanda olmaq, mübarizə aparmaq və bu səviyyəni yaxından hiss etmək belə, “Qarabağ” üçün böyük təcrübədir.

“Liverpul” kimi komandaya məğlubiyyət “Qarabağ”ın ümumi uğuruna kölgə sala bilməz. Çünki komandamız Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə artıq turnirdə yeni tarix yazıb. Bu yolda daha güclü rəqibləri keçib, çətin səfərlərdən alnıaçıq çıxıb və Azərbaycan futbolunun Avropadakı nüfuzunu artırıb. Təəssüf ki, bu gün nəticəyə görə “Qarabağ”ı yersiz tənqid edənlər də var. Böyük ehtimalla, həmin şəxslər bir matça fokuslanırlar, amma uğurun arxasındakı böyük zəhməti, əziyyəti görmürlər. Dünya futbolunda hansı klublar böyük hesabla uduzmayıblar ki? Çox uzağa getməyək, ötən tur Fransa “Monako”su İspaniya səfərində “Real Madrid”ə 1:6 hesabı ilə məğlub oldu. Daha əvvəl isə III turda “Barselona” “Olimpiakos”a 6:1, PSJ “Bayer”ə 7:2, PSV “Napoli”yə 6:2 hesabı ilə qalib gəlib. Bir sözlə, futbol istənilən nəticəyə açıq idman növüdür. Odur ki, bu gün məğlubiyyətə üzülmək yox, tarixi nailiyyətə sevinmək lazımdır.

Təbii ki, futbolu dərindən bilən insanlar fərqli düşünür və “Qarabağ”ın uğurunu yüksək qiymətləndirirlər. Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyevin də dediyi kimi, Ağdam klubu Azərbaycan futbolu tarixində inanılmaz nəticəyə imza atıb: “Bir çoxları təmsilçimizin əsas raundda 10 xal yığacağına inanmırdı. Çünki Çempionlar Liqasında kifayət qədər güclü komandalar mübarizə aparır. Amma Qurban Qurbanovun başçılıq etdiyi kollektiv ikinci dəfə vəsiqə qazandığı turnirdə böyük sürprizlərə imza atdı. Bu gün “Liverpul”u “Qarabağ”la müqayisə etmək düzgün olmaz. Bəzi futbol azarkeşləri dərk etməlidirlər ki, Azərbaycan çempionatında mübarizə aparan komandanın Avropanın ən nüfuzlu klub turnirində bu cür uğurlar qazanması möhtəşəm nəticədir. İllər əvvəl Çempionlar Liqasında qrupdan çıxmaq bizim üçün xəyal idi. Bir daha təkrarlayıram ki, dünənki nəticədən asılı olmayaraq, Azərbaycan çempionu yeni tarix yazdı”.

“Qarabağ” bu gün Avropada tanınan, hörmət edilən bir addır. Bu klub sübut etdi ki, düzgün idarəçilik, səbir və inamla Azərbaycan komandası da ən böyük səhnələrdə yer ala bilər. Nəticədən asılı olmayaraq, “Qarabağ” artıq qalibdir – çünki qorxmadan mübarizə aparır, ölkəsini layiqincə təmsil edir və hər mövsüm yeni-yeni nailiyyətlər əldə edir.
Ən vacibi isə “Qarabağ”ın hekayəsidir. Bu klub yalnız futbol oynamır, adını daşıdığı torpağın ruhunu, mübarizliyini və sınmaz iradəsini Avropaya daşıyır. Hər oyunda, hər turnirdə Azərbaycanın adı səslənir, bayrağı dalğalanır. Bu, istənilən hesabdan qat-qat dəyərlidir.
Bir sözlə, “Qarabağ”ın bu nailiyyəti Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.








































.jpg)
.jpg)
.jpg)















































