Aşihara Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Kuboku” turniri keçirilib
Ötən gün Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə Aşihara Karate növü üzrə Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” turniri keçirilib. Yarışın məqsədi Azərbaycanın şanlı Zəfər Gününün mənəvi əhəmiyyətini idman ictimaiyyəti arasında geniş təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək vermək və karatenin ölkəmizdə inkişafına əlavə stimul yaratmaqdır.
Açılış mərasimində Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, AKF-in İdarə Heyətinin üzvü Marif Bağırov, Federasiyanın baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, Aşihara Karate növünün sədri Şahin Bağırov, eləcə də məşqçilər və hakim heyəti iştirak ediblər.

Turnir ənənəvi olaraq idmançıların təntənəli surətdə arenaya daxil olması ilə başlayıb. İdmançılar Azərbaycan Respublikasının üç rəngli bayrağı altında dövlət himnimizi səsləndirildikdən sonra, açılış üçün söz AKF-in İdarə Heyətinin üzvü Marif Bağırova verilib. İdman xadimi ilk olaraq bildirib ki, bu gün müstəqil ölkəmizdə idmanın bu cür inkişaf mərhələsinə çatması üçün ilk öncə Ulu Öndər Herdər Əliyevə minnətdarıq. Karateçilər və təşkilatçılar tərəfindən Ulu Öndərin, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Marif Bağırov əlavə olaraq onu da qeyd etdi ki, mən bu çempionatda iştirak edən idmançıların içərisində gələcəyin avropa və dünya yarışlarının qalibləri olacağına çox inanıram. Daha sonra Aşihara Karate növünün sədri Şahin Bağırov, Aşihara Karate haqqında tədbir iştirakçılarına əlavə məlumat verdi. Sonra qədimdə yaponların döyüşlərdə əsgərin əhvalını yüksək tutan döyüş nağarasının sədaları altında “Zəfər Kuboku” turniri başladı. Yarışda Bakının müxtəlif klublarının idmançıları öz döyüş bacarıqlarını göstərirdi.

Tədbirdə çıxış edən idman xadimləri vurğulayıblar ki, Azərbaycan Karate Federasiyası ölkəmizdə karate idman növünün sistemli inkişafı, idmançılarımızın beynəlxalq arenada layiqli təmsilçiliyi və Zəfər Gününün yaratdığı qürur hissinin gənclər arasında gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Qeyd olunub ki, bu kimi turnirlər həm idmançılar arasında sağlam rəqabətin formalaşmasına, həm də milli karate məktəbinin inkişafına mühüm töhfə verir.
Yarışın yekununda müxtəlif yaş və çəki kateqoriyalarında fərqlənən idmançılar AKF tərəfindən təsis edilmiş medal və diplomlarla təltif olunublar. Turnirdə 200-dən artıq idmançı öz döyüş ustalığını nümayiş etdirərək Zəfər Gününün ruhuna uyğun yüksək əzmkarlıq sərgiləyib.
Turnirdə komanda hesabında ən çox medal qazanan Sulu-Təpə Aşihara Karate klubu “Zəfər Kuboku” ilə mükafatlandırılıb.
Azərbaycan Karate Federasiyası karate hərəkatının inkişafı, idmançılarımızın qələbə əzminin möhkəmləndirilməsi və gələcək beynəlxalq uğurların təmin edilməsi yönündə fəaliyyətini davam etdirir...
Murad Şahməmmədov


































.jpg)
.jpg)
.jpg)





















































