
Mbappe zədə səbəbindən Azərbaycan yığması ilə DÇ-2026-nın seçmə mərhələsinin oyununu buraxa bilər
Fransa yığmasının kapitanı Kilian Mbappe La Liqa matçında topuq biləyindən aldığı zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsinin vacib oyunlarını buraxa bilər. Bu barədə Oxuməni.az “AS”a istinadla xəbər verir.
“Real Madrid”in hücumçusu Azərbaycan (10 oktyabr) və İslandiya (13 oktyabr) ilə keçiriləcək oyunlar öncəsi ardıcıl ikinci gündür ki, millisinin məşqini buraxıb.
Futbolçu oktyabrın 5-də “Vilyarreal” ilə matçda zədə alıb və o, 81-ci dəqiqədə, qol vurduqdan dərhal sonra topuğunun burulması ilə meydanı tərk etmək məcburiyyətində qalıb.
Cari mövsümdə 26 yaşlı hücumçu həm klubu, həm də milli komandasında 12 matçda 16 qol vurub.
Mbappe ilə yanaşı, "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate də məşqdə iştirak etmir. Didye Deşamın rəhbərlik etdiyi millinin məşqçilər korpusu aparıcı futbolçuların vaxtında sağalmaması halında əvəzedici variantları nəzərdən keçirir.
Mbappenin oyunlarda iştirakı ilə bağlı yekun qərar oktyabrın 9-na planlaşdırılan əlavə tibbi müayinədən sonra veriləcək. O, iştirak etməsə, bu, futbolçunun 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində ilk iştirak etməməsi olacaq.
Almaz Həsənli