
Boks üzrə Olimpiya çempionu İman Xelif boksdan getməsi ilə bağlı xəbərləri təkzib edib
Boks üzrə Olimpiya çempionu İman Xelif peşəkar boksdan getməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu barədə “İnterfaks” xəbər verir.
Çərşənbə günü idmançının keçmiş məşqçisi və meneceri Nasser Yesfah bildirib ki, Xelif 2024-cü il Olimpiadasından sonra məşqlərə davam etməyib. Xelifin Fransa paytaxtında çıxışı geniş ictimai rezonans doğurdu, çünki IBA bir il əvvəl idmançını gender testinin uğursuzluğuna görə dünya çempionatından kənarlaşdırmışdı.
- İctimaiyyətə aydınlıq gətirmək istəyirəm ki, boksdan getməyimlə bağlı xəbərlər həqiqətə uyğun deyil və sırf məni heç bir şəkildə təmsil etməyən, fikrimcə, yalan və bədniyyətli açıqlamaları ilə etibara və ölkəyə xəyanət etmiş bir şəxsin açıqlamalarına əsaslanır.
Mən heç vaxt boksdan getdiyimi açıqlamamışam, idman karyeramı davam etdirirəm, Əlcəzairdə və Qətərdə müntəzəm məşq edirəm və fiziki hazırlığımı qoruyuram, qarşıdakı yarışlara hazırlaşıram.
Bu cür şayiələrin dərci sırf məni çaşdırmaq, idman və peşəkar karyerama xələl gətirmək məqsədi daşıyır. Mən boksa və vətənim Əlcəzairə hər zaman sadiq qalacağam və bu yalan xəbərlər ölkəmin rənglərini qorumağa və beynəlxalq arenalarda onu ucaltmağa davam etməyimə mane olmayacaq”, - deyə Xelif sosial şəbəkədə yazıb.
Almaz Həsənli