"Qızıl top"a namizədlərin adları açıqlanıb

"Qızıl top"a namizədlərin adları açıqlanıb

8 Avqust 15:00
Bəyəndim (3) Bəyənmədim (0)


Avqustun 7-də “France Football” jurnalı 2025-ci ildə “Qızıl top” mükafatına namizədlərin siyahısını dərc edib.
Mükafatın təqdimetmə mərasimi sentyabrın 22-də Parisdəki “Téâtre du Châtelet”də keçiriləcək. “Qızıl top” 1956-cı ildən etibarən “France Football” və UEFA tərəfindən hər il verilir və bir futbolçunun mövsüm ərzində əldə etdiyi nailiyyətlərə görə ala biləcəyi ən nüfuzlu mükafat hesab olunur.
Finalda “İnternazionale” ilə Çempionlar Liqasını, eləcə də Liqa 1, Fransa Kuboku və Çempionlar Kubokunu inamlı şəkildə qazanan Paris Saint-Germain, namizədlər siyahısında doqquz futbolçu ilə təmsil olunur. Onların arasında: Usman Dembele, Canluici Donnarumma, Dezire Due, Fabian Ruis, Aşraf Hakimi, Joãu Neveş, Xviça Kvaratshelia, Nuno Mendeş və Vitinya var. Favoritlərdən biri 28 yaşlı Usman Dembeledir, baxmayaraq ki, o, bu ildən əvvəl heç vaxt namizəd göstərilməyib. Bir klubdan doqquz namizəd rekord göstəricidir. “Real” Madrid bunu 2018-ci ildə ardıcıl üçüncü dəfə Çempionlar Liqasını qazandıqdan sonra bacardı. Həmin vaxt “Qızıl top” təqvim ilinin nəticələrinə əsasən verilirdi. Kubok isə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının finalına yüksələn milli komandanın tərkibində qazandığı nailiyyətlər sayəsində xorvatiyalı futbolçu Luka Modriçə verilib.
“PSJ” oyunçularından başqa, 2025-ci ilin “Qızıl top”una namizədlər arasında Kilian Mbappe, Harri Keyn, Robert Levandovski, Məhəmməd Salah, Vircil van Deyk, Lautaro Martines, Erlinq Holann, Rafinya, Viktor Dyökereş, Pedri, Deklan Rays,Seru Qirassi, Alexis Makkalister, Maykl Olise, Denzel Dumfris, Cud Bellinqem, Scott Maktominey, Koul Palmer, Florian Virts, Vinisius Cunior və Lamin Yamal da var.
30 namizəd arasında mükafatın əvvəlki qalibləri yoxdur, ona görə də 2024-cü ildə olduğu kimi 2025-ci ilin qalibi karyerasında ilk dəfə kuboka layiq görüləcək.
Mükafatın hazırkı qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qısa siyahıya daxil edilməyib. Amma burada təəccüblü heç nə yoxdur: ispaniyalı hələ sentyabr ayında dizindən ciddi zədə alıb və yalnız mövsümün sonunda meydana qayıdıb.
Mükafatın qalibləri yüz jurnalistin – “Qızıl top”un münsiflər heyətinin üzvlərinin səsverməsinin nəticələrinə əsasən müəyyən ediləcək.
“Qızıl top”ların sayına görə rekordçu argentinalı Lionel Messidir. 2023-cü ildə o, səkkizinci dəfə ilin ən yaxşı futbolçusu mükafatını qazandı.
Almaz Həsənli