
"Liverpul" 20-ci dəfə İngiltərə Premyer Liqasının qalibi oldu
"Liverpul" bazar günü “ Enfild” stadionunda keçirilən görüşdə "Tottenhem"i 5:1 hesabı ilə məğlub edərək tarixində 20-ci dəfə İngiltərənin yüksək liqasını qazanıb. Bu, Liverpulun 2020-ci ildən bəri ilk Premyer Liqa qələbəsidir.
Qalib komandada Luis Dias, Aleksis Makalister, Kodi Qakpo və Məhəmməd Salah fərqləniblər. Bir qolu isə qonaqların futbolçusu İenoma Udoci öz qapısına vurub. "Mahmızlar"ın heyətində Dominik Solanke fərqlənib.
Turnir hələ bitməyib və "Liverpul"un qarşıda hələ dörd oyunu var. Lakin klubun ən yaxın izləyicisi Londonun “Arsenal”ı üzərindəki üstünlüyü indi əlçatmaz 15 xaldır.
Bu, İngiltərə futbolunda Premyer Liqa və digər yüksək divizion titullarının sayı baxımından "Liverpul"u "Mançester Yunayted"lə bir səviyyəyə gətirir.
Premyer Liqa 1992-ci ildə yaradılıb, lakin o vaxtdan bəri “Liverpul” yalnız bir dəfə qalib olub.
"Liverpul"un baş məşqçisi, hollandiyalı Arne Slot yalnız bu mövsüm kluba rəhbərlik edib, onun təyinatı 20 may 2024-cü ildə elan edilib.
İndi o, Premyer Liqa tarixində klubuna rəhbərlik etdiyi ilk mövsümdə qələbə qazandıran beşinci məşqçi olur. Ondan əvvəl bunu Joze Mourinyo (2004–2005), Karlo Ançelotti (2009–2010), Manuel Pelleqrini (2013–2014) və Antonio Konte (2016–2017) edib.
Almaz Həsənli