
Jalə Əliyeva gənclər arasında dünya çempionu olub
Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Dünya çempionu Jalə Əliyeva (57 kq) ilk mərhələdən yarışa qoşulub. 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edən güləşçimiz ardınca türkiyəli Sevim Akbaşdan da üstün olub - 10:0. O, yarımfinalda Sofia Makaluso (ABŞ) ilə üz-üzə gəlib. 10:0 hesabı ilə qalib gələn Jalə adını finala yazdırıb.
Timsılçımız finalda yaponiyalı Ruka Natami ilə münasibətinə aydınlıq gətirib. Ötənilki mundialın finalında bu rəqibə uduzan Jalə həm revanş alıb, həm də dünya çempionu tituluna sahib çıxıb. Gərgin keçən görüşü Əliyeva 10:8 hesabı qələbə ilə bitirib.
Millinin digər qadın güləşçiləri mübarizəni erkən dayandırıblar.
Xatırladaq ki, bu, Azərbaycanın qadın güləşi üzrə bu turnirdə qazandığı ilk qızıldır.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.
Almaz Həsənli