FİFA Messini ilin ən yaxşı oyunçusu seçib

FİFA Messini ilin ən yaxşı oyunçusu seçib

28 Fevral 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Futbol Federasiyası (FİFA) Paris Saint-Germain (PSJ) klubunun hücumçusu Lionel Messini 2022-ci ilin ən yaxşı futbolçusu elan edib.

Oxuməni.az xəbər verir ki, mükafatlandırma mərasimi 27 fevral bazar ertəsi baş tutub.

Messi karyerasında ikinci dəfə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatını qazanıb. Bundan əvvəl o, mükafatı 2019-cu ildə alıb. Builki namizədlər siyahısında həmçinin Real Madridin futbolçusu Kərim Benzema və Messinin PSJ-dəki komanda yoldaşı Killian Mbappe də var idi.

Bu mövsüm Messi Qatarda keçirilən turnirdə Argentina millisi ilə birlikdə kuboku qazanaraq ilk dəfə dünya çempionu olub. O, həmçinin 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusu kimi tanınıb.

“The FIFA Best”in qalibləri dünya mediasının nümayəndələri, milli komandaların məşqçi və kapitanları, eləcə də FİFA-nın saytına daxil olan şəxslərin səsverməsi nəticəsində müəyyən edilir. Argentina millisi ilə 2022-ci il dünya çempionatının qalibi olan Lionel Skaloni bu ilin ən yaxşı məşqçisi seçilib. Argentinalı Emiliano Martinez ən yaxşı qapıçı, “Barselona”nın futbolçusu Aleksia Putellas ən yaxşı oyunçu, İngiltərə yığmasının baş məşqçisi Sarina Viqman ən yaxşı qadın məşqçi, İngiltərə və “Mançester Yunayted”in qapıçısı Meri Earps ən yaxşı qadın qapıçı seçilib.

Ən yaxşı qola görə "Puşkaş" mükafatı Poznandan olan “Varta” parafutbol komandasında çıxış edən polşalı Marçin Oleksiyə Verilib. O, 2010-cu ildə avtomobil qəzasında ayağını itirib.

E.Axund, Oxuməni.az