
Böyükağa Hacıyev: ““Neftçi” 1 xal qazanmadı, 2 xal itirdi”
"Neftçi" peşəkar futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Partizan"la keçirilən oyun barədə fikirlərini açıqlayıb. Arasrort-un məlumatına görə, "ağ-qaralar"ın çalışdırıcısı qolsuz bərabərliklə yekunlaşan matçın nəticəsindən razı qalmadığını söyləyib:
"Bu gün "Neftçi" 1 xal qazanmadı, 2 xal itirdi. Komandamız qrup mərhələsində debütantdır, futbolçular bir az gec ayıldılar. "Partizan" təsəvvür elədiyimdən də zəifdir. Çox təəssüf ki, qədim tarixi olan "Partizan" indi bu vəziyyətdədir. Düzdür, bu gün 3 xal qazana bilmədik. Amma sizə söz verirəm ki, "Partizan"la Bakıdakı qarşılaşmada qələbə qazanacağıq".
Hacıyev həmçinin deyib ki, qazanılan 1 xalı ARDNŞ prezidenti Rövnəq Abdullayev və ümumiyyətlə, bütün neftçilərə ərməğan edir: "Bildiyiniz kimi, 20 sentyabr Azərbaycanda Neftçilər gündür. Biz də neftçiləri təmsil edirik. Bu 1 xalı şəxsən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və bütün neftçilərə ərməğan edirəm. Açığı, oyundan sonra yaşananları təsəvvür etmirdim. Ölkəmizdə yetərincə serbiyalı futbolçu oynayır. Soruşun, görün, biz onları necə qonaqpərvərliklə qarşılayırıq".
Hacıyev serbiyalı jurnalistin "sizi niyə alqışladılar" sualına belə cavab verib: "İndi mən neyləyim ki, sizdə məşqçini istefaya çağırırlar, bizi isə alqışlayırlar?"
Hacıyevə ünvanlanan növbəti sual isə belə olub: "Sizdə harada məlumat veriblər ki, Serbiyada azərbaycanlıları sevmirlər?" Çalışdırıcı isə fakt göstərib: "Oyundan sonra yaşananlar bunu əyani göstəricisidir".
Daha sonra "ağ-qaralar"ın baş məşqçisi bildirib ki, "Partizan"ın "Tromse" və AEL-lə oyunlarını izləyib: "Sizin komandanın oyun dəst-xətti belədir: Nə özü oynayır, nə də rəqibə imkan verir. Saşa Stamenkoviç bu gün yaxşıdırsa, siz serblərin adıdır, pis də olsa elə. Sabah Saşa "Partizan"da yaxşı oynasa, necə olacaq? Bilirəm ki, "Srvena Zvezda"dan gəlib, rəqibinizdir. Saşa həyat yoldaşı ilə Bakıda yaşayır, ondan ədəbsiz hərəkət görməmişəm. Onu 1 xala görə təbrik elədim".
Xatırladaq ki, adıçəkilən matçın final fiti səslənən kimi "Partizan"ın bəzi futbolçuları "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum çəkiblər.
Lakin insidentin əlbəyaxa davaya çevrilməsinin qarşısını almaq mümkün olub. "Neftçi" klubunun üzvlərinin də müdaxiləsindən sonra Stamenkoviç meydandan çıxarılıb.
O.M.