“Real Madrid”-in baş məşqçisi 3 nəfəri məhkəməyə verdi

“Real Madrid”-in baş məşqçisi 3 nəfəri məhkəməyə verdi

20 Sentyabr 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)
“Barselona”nın sabiq vitse-prezidenti və 2 jurnalist şərəf və ləyaqətin təhqir olunmasında ittiham ediləcəklər

"Real Madrid" futbol komandasının baş məşqçisi Joze Maurinyu son zamanlar olduqca qəzəblidir. O, ünvanına səsləndirilən sərt kəlmələrdən narahatdır. "La voz de Galicia" qəzetinin məlumatına görə, baş məşqçinin vəkilləri "Marca" qəzetinin şef-redaktoru Roberto Palomara qarşı şərəf və ləyaqətin alçaldılması iddiası ilə məhkəməyə müraciət ediblər. Belə ki, qəzetin 17 sentyabr tarixli sayında baş məşqçinin hərəkəti bu cümlələrlə təsvir olunub: "Joze Maurinyu piyadanı vurub aradan çıxmağa çalışan sürücüyə bənzəyir".

Bundan başqa, məhkəmənin icraatında baş məşqçinin "El Pais" qəzetinin müxbirinə qarşı ittiham ərizəsi də var. Belə ki, jurnalist məqaləsində Joze Maurinyunu "portuqal ultra millətçisi" adlandırmışdı.

Böyük ehtimalla "Real Madrid" futbol komandasının baş məşqçisini Twitter səhifəsində "psixopat" adlandıran "Barselona"nın sabiq vitse-prezidenti Alfons Qodal da məhkəmə qarşısında dayanacaq.

Yaşıl meydanlarda uğursuzluğa düçar olan futbolçu məhkəmələrdə hettrik etmək istəyir...

Aqil Hüseynov

O.M.