
Azərbaycan millisi dünya çempionatında Portuqaliyaya uduzdu
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib
Azərbaycan milli komandası seçmə mərhələdə ikinci matçına çıxıb. Regional Tv-nin xəbərinə görə, Berti Foqtsun komandası səfərdə Portuqaliya millisinin qonağı olub. İlk görüşündə Bakıda İsrail yığması ilə 1:1 bərabərə qalan millimiz səfərdən də xalla ayrılmaq niyyətində idi. Lakin bu elə də asan görünmürdü. Birinci görüşdə səfərdə Lüksemburqa 2:1 hesabı ilə qalib gələn Portuqaliya seçmə komandası ilk ev oyununda qələbə qazanmaq niyyətində idi ki, bunu da böyük hesabla həyata keçirib. Bu komandaların mübarizəsində ilk hissədə hesab açılmayıb. Qalibin adına fasilədən sonar aydınlıq gətirilib. Oyunda hesab 64-cü dəqiqədə açılıb. Silvestr Valera fərqlənib. Azarkeşlər əsas vaxtın son 5 dəqiqəsi ərzində daha 2 qol izləyib. 85-ci dəqiqədə Elder Poştiqa fərqi 2 topa yüksəldib. 3 dəqiqə sonar Bruno Alveşin vurduğu qol isə oyunda sonuncu olub. Qalan vaxt ərzində matçda başqa qol qeydə alınmayıb və Azərbaycan milli komandası Braqada 3:0 hesablı məğlubiyyətlə üzləşib.
İlk görüşdə Bakıda xal itirən İsrail millisi isə bu dəfə ev sahibi qismində meydana çıxıb. Eli Qutmanın yetirmələri doğma azarkeşləri önündə F qrupunun lideri Rusiya seçmə komandasını qəbul edib. Oyun şimal qonşumuzun inamlı qələbəsi ilə nəticələnib. Rəqib qapısından 4 cavabsız top keçirən Rusiya yığması növbəti 3 xalı aktivinə yazdırıb.
Şimali İrlandiya – Lüksemburq görüşündə isə komandalar sülh bağlayıb – 1-1
Bununla da II turun oyunlarından sonra F qrupunda turnir cədvəlinə 6 xallıq göstərici ilə Rusiya millisi liderlik edir. Portuqaliya eyni xalla 2-ci pillədə qərarlaşıb. Lüksemburq 1 xalla ilk 3-lüyü tamamlayır. 4-cü yerdə yenə 1 xalla Şimali İrlandiya,5-ci sırada isə eyni göstərici ilə azərbaycan milli komandası qərarlaşıb. İsrail isə qrup sonuncusudur.
Digər qruplarda da bir-birindən maraqlı oyunlar baş tutub. İlk matçında səfərdə Hollandiyaya 0:2 hesabı ilə məğlub olan Türkiyə millisi bu dəfə öz meydanında Estoniya ilə qarşılaşıb. Bu görüşün əsas favoriti hesab olunan "ay-ulduzlu" komanda seçmə mərhələdə ilk qələbəsini qazanmaq niyyətində idi ki, bunu da bacarıb - 3:0.
O.M.