Teymur Məmmədov: “Yarımfinalda məni sıxdılar, hakimlər qələbəni rəqibə verdilər”

Teymur Məmmədov: “Yarımfinalda məni sıxdılar, hakimlər qələbəni rəqibə verdilər”

15 Avqust 2012 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan boksçusu, XXX London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun apasport.az saytına müsahibəsi

- Londona çempionluq üçün yollansanız da, bürünc medalla kifayətləndiniz. Bu da istənilən halda, həm sizin, həm də Azərbaycan üçün böyük uğurdur...
- Əlbəttə, Olimpiadada qarşıma qızıl medal qazanmaq məqsədi qoymuşdum. Amma bu, mənə qismət olmadı. Buna baxmayaraq, heyfsilənmirəm. Allaha min şükür ki, Vətənə medalla qayıtmışam. Əsas budur!
- Döyüşlərin arasında hansını fərqləndirərdiniz? Belə demək olarmı ki, ən çətini yarımfinal görüşü oldu?
- Düzdür, hər bir yarışda birinci döyüş həmişə ağır olur. Amma yarımfinalda tam "açılmışdım". Ancaq burada məni bir az sıxdılar. Yəni, mən italiyalı Klemente Russoya məğlub olmadım, hakimlər qələbəni rəqibə verdilər.
- Avropa və dünya çempionatlarında da mükafatçı olmusuz. Ancaq Olimpiya Oyunlarında ilk dəfə iştirak etdiniz. Ümumilikdə, təəssüratlarınız necə oldu?
- Demək olar bu yarışların hamısı eynidir. Ancaq Olimpiadada daha çox iştirakçı mübarizə apardığından təşkilatçılıq daha yüksək olur.
- Boks yığmamız Londonu 2 bürünc medalla tərk etdi. Komanda yoldaşlarınızın çıxışı barədə nə deyə bilərsiniz?
- Fikrimcə, normal çıxış etdilər. Hər halda, mənimlə bərabər Məhəmmədrəsul Məcidov da bürünc medal qazandı və nəticədə komandamız Bakıya 2 mükafatla döndü.
- Necə fikirləşirsiniz, boksçularımızın fiziki durumda hansısa çatışmazlıq var idimi?
- Yox, problem yox idi. Sadəcə, ilk dəfə Olimpiya Oyunlarına qatılırdım və ola bilsin bir qədər həyəcan hiss olunurdu.

O.M.