Valentin Xristov: “Medal qazandım, tarixə düşdüm və buna çox sevinirəm”

Valentin Xristov: “Medal qazandım, tarixə düşdüm və buna çox sevinirəm”

15 Avqust 2012 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

London Olimpiadasında Azərbaycana ilk medalı qazandıran, milliləşdirilən bolqarıstanlı ağırlıqqaldıran Valentin Xristovun apasport.az saytına müsahibəsi:

- 18 yaşında Olimpiadada medal qazanmaqla, adınızı ən gənc mükafatçı kimi Azərbaycan idman tarixinə yazdırdınız. Qələbənizi necə şərh edərdiz?
- Çox sevinirəm ki, Olimpiadanı mükafatçı kimi başa vurdum. Turnir çox yaxşı keçdi, Londona güclü idmançılar toplaşmışdılar. Medal qazandım, tarixə düşdüm və buna çox sevinirəm.

- Daha yaxşı nəticə göstərmək mümkün idi?
- Bəli. Ancaq 18 yaşda bundan yaxşı hansı nəticəni göstərə bilərəm? Hələ çox gəncəm və qarşıda yarışlarım da kifayət qədərdir.

- 18 yaşında Olimpiadanın bürünc mükafatçısı olmaq sizi arxayınlaşdırmayacaq ki?
- Yox, növbəti turnirlərə daha ciddi yanaşacağam. İnşallah, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadada qızıl medal qazanaram.

- Vətəniniz Bolqarıstanda yenidən xidmətinizdə maraqlı olmaq istəyirlər. Bu haqda nə düşünürsüz?
- Bolqarlar Londonda 2 medal qazandılar. Bunlar boks və güləş idman növlərində oldu. Onlar da söyləyir ki, hər şey yaxşı olacaq, Bolqarıstana qayıt. Ancaq mən medalı Azərbaycan üçün qazandım. Burada da mənə deyirlər ki, Valentin Xristov bizim idmançıdır, o medalı bizim üçün qazanıb. Mən də bunun üçün xoşbəxtəm və Azərbaycanı təmsil edirəm.

- Deməli, Azərbaycandakı şəraitdən razısız və burada qalmaqda israrlısınız...
- Bəli, burada hər şey mənim üçün yaxşıdır.

O.M.