İdmançılarımız Vətənə döndülər

İdmançılarımız Vətənə döndülər

15 Avqust 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

London Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması Vətənə dönüb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə bu gün saat 07:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar.

Belə ki, hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Milli geyimdə olan rəqqasələr milli musiqinin sədaları altında öz çıxışları ilə əsl bayram ab-havası yaradıblar.
Olimpiyaçılarımız gül çələnglərinin əhatəsinə düşdükdən sonra onlar üçün ayrılan xüsusi avtobusa minərək, Heydər Əliyevin abidəsini ziyarət ediblər. Burada abidə önünə əklili Olimpiya çempionlarımız Toğrul Əsgərovla Şərif Şərifov qoyaraq, mərhum prezidentə ehtiramlarını bildiriblər. Ardından nümayəndə heyətimiz və digər medal qazanan idmançılarımız abidə önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, olimpiyaçılarımız Londonda 10 medal qazanıblar. Bunlar 2 qızıl, 2 gümüş və 6 bürünc mükafat olub.

O.M.